Qurban Qurbanov: "Hələ ki, heç bir futbolçunun gedişi gözlənilmir"

21:56 - 4 Dekabr 2023

"Qarabağ" Azərbaycan Premyer Liqasının 15-ci turunda öz meydanında "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə etdik. Futbolçular çox əziyyət çəkdi. Hesab bizi aldada bilər. Amma oyun tam da düşündüyümüz, istədiyimiz kimi alınmadı. Maraqlı oyun keçdi. Azarkeşlər üçün baxımlı matç oldu. "Qəbələ" son oyunda da çox yaxşı performans göstərmişdi, bu gün də şahidi olduq. İlk dəqiqələrdən görünürdü ki, uduzmaq istəmirlər.

- Yeni gələndə Juninyo tənqid olunurdu. Amma artıq qollarını vurur və vacib fiqura çevrilib. Demək olar ki, indiki Juninyo “Çaveş”də görüb bəyəndiyinizdir, yoxsa daha artığını gözləyirsiz?

- Burada daha yaxşıdır. İki il öncə də onunla maraqlanmışdıq. Sadəcə alınmamışdı. Amma o vaxtlarda oyununu izləyirdik. Əlimizdə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar onun perfomansı pis deyil. Amma tam razı deyiləm. Həm mən, həm özü də daha yaxşı Juninyo görmək istəyir. Öz üzərində işləməlidir və daha da yaxşılaşdırılası çox elementlər var. Amma ümumən kollektivə uyğunlaşır, mental olaraq da belədir. Ölkəyə də uyğunlaşır. Nəticə baxımından razı ola bilərəm. Amma tam istədiyim Juninyo deyil.

- Patrik Andrade əvvəlki performansına yaxınalşır?

- Ola bilər. Hər şey yaxşılığa doğru gedir. Tam uyğunlaşmağa başlayıb. İdman formasını bərpa edir.Oynadıqca daha yaxşı olacaq. Bacarıq, təcrübə onda var. Qarşıdakı matçlarda çox istərdim ki, daha yaxşı Patrik görüm.

- Rəqiblərlə xal fərqiniz artırdız. Futbolçularda rahatlaşma yarana bilər?

- Ola bilər. Sırf nəticəyə görə yox, istər-istəməz gərgin, sıx qrafikdir. O, bir az futbolçuları arxayınlaşdıra bilər. Sıx qrafiki nəzərə alaraq, məşqçilər olaraq daha diqqətli olmalıyıq ki, arxayınlıq baş verməsin. Qarşıda heç də asan oyunlarımız yoxdur. Çox vacib qrafiklə giririk. Ola bilər lki, hansısa futbolçuda bu görünməsin. Futbolçudur da, rahatlığı həmişə axtarır. Bu gün oyunun gedişatında gördüm arxayınlığı. İnsan uğur əldə etdikdə, arxayınlaşma olur. Rəqiblər bunu bağışlamır. Amma oyunun gedişində özlərini ələ ala bildilər. Məni ən çox narahat edən məqam bu və zədələrdir. Kevin Medinanın zədəsi gərgin oyunlarda, daim oynaması ilə bağlıdır. Süni örtükdəki o epizod bəlkə normal ot meydanda olsaydı, daha rahat qəbul edərdi epizodu. Düzdür, qeyri-adi hərəkət oldu. Amma ot örtüyündə topu daha rahat qəbul edərdi. Bəzən elə şeylər var ki, bizdən asılı olmur.

- Yeni mərkıəz müdafiəçisi transfer etmək gündəmə gəlib?

- Sırf Medinaya görə yox, ümumən hər mövqedə dəyişiklik etmək istəyirik. Ola bilər ki, belə addım ataq, komandaya mərkəz müdafiəçisi gətirək. 5-6 mərkəz müdafiəçimiz olsa da, bəzən 2 mərkəz müdafiəçisi ilə də qalırıq. Ona görə belə fikrimiz var. O demək deyil ki, indikilərə güvənmirəm. İş prinsiplərimiz bunu tələb edir ki, mövqelərdə sağlam oyunçular olsunr. 

- Adama Diakabi və Redon Cicanın ayrılığı gözlənilə bilər?

- Hələ ki, heç bir futbolçunun gedişi gözlənilmir.

Mirbağırağa

Xəbər xətti