Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” çempionatda növbəti məğlubiyyətini aldı.
Bölgə təmsilçisi “Səbail”lə səfər qarşılaşmasında darmadağından qaça bilmədi – 0:3.
Bölgə təmsilçisi səfərdə oynasa da, “Red Black Army”nin üzvlərindən dəstək görürdü. Azarkeşlər hesab arasındakı fərq böyüyənə qədər komandanı irəli səsləyir, məğlubiyyətdən qaçmasını arzulayırdılar.
Bu, baş verməyincə, oyunun sonlarına yaxın fəal azarkeşlərdən biri hər kəsin eşidəcəyi tərzdə qışqıraraq oyundan sonra məşqçi və futbolçuların tribunanın qarşısına gəlib, hesabat verəcəyini bildirdi.
Rauf Cabbarovun final fitindən dərhal sonra futbolçular paltardəyişmə otağının yolunu tutsa da, baş məşqçi Elmar Baxşıyevlə köməkçiləri Rasim Ramaldanov və Vüqar Məmmədov ehtiyat oyunçular skamyasında oturub fikrə dalmışdılar.
Həmin an narazı fanatlar onları səslədi ki, adları çəkilənlər azarkeşlərin önünə gəldi.
Azarkeşlərin narazılığı anlaşılan idi. Onlar bu qədər legionerin çoxluğunda komandanın məğlubiyyətləri sıralamasını qəbul etmir, Baxşıyevdən belə vəziyyətdə yerli futbolçulara şans verilməsinin vacibliyini tələb edirdilər:
“Elmar müəllim, biz düşmən deyilik, komandanın uğurunu istəyən və bu boyda yolu Qəbələdən Bakıya gələn adamlarıq. Sizin xətrinizi də çox istəyirik. Komandada qalmağınızı istəyirik. Amma elə şeylər görürük ki, susmaq olmur.
Xalayla meydanda gəzir, qapıya vurulan topların hamısı qol olur. Osamadansa yerli uşaqlara şans verin. Onsuz da uduzuruq, elə öz uşaqlarımızla uduzaq da. Nə istək var, nə həvəs. Nəyisə, nələrisə dəyişmək lazımdır.
Bu cür legionerlərə 10 min verib oynatmaqdansa, 5 min hansısa azərbaycanlıya verərdiz, yerdə qalan 5 mini də Ruan Renatoya verdiyiniz pulun üstünə qoyub komandada saxlayardız”.
Təxminən 5 dəqiqə davam edən çək-çevirin nəticəsi kimi Elmar Baxşıyev azarkeşlərin iradına sona qədər qulaq asıb, özü üçün müəyyən nəticələr çıxarıb mətbuat paltardəyişmə otağının yolunu tutdu.
Sportinfo.az
saytlarin hazirlanmasi