Bir neçə gün öncə "Qəbələ”də yeni təyinat gerçəkləşdi. Klubun idman direktoru vəzifəsinə tanış sima - Səbuhi Səfiyarlı təyin olundu. Əslində, Səbuhi doğma klubuna qayıtdı desək, yanılmarıq. Uzun illər Qəbələ təmsilçiliyində çalışmış Səfiyarlı yenidən klubun uğurları üçün rəhbərlikdə təmsil olunacaq.
Sportal.az xəbər verir ki, klub rəsmisi həm təyinatı, həm də "Qəbələ”nin durumu haqda fikirlərini qaynarinfo.az-a bölüşüb.
"Hazırda mənim üçün nəsə demək çətindir. Düzdür, kənardan gördüklərimiz başqadır. Aydın məsələdir, bəzi çatışmazlıqlar var ki, bu səbəblərdən "Qəbələ” axırıncı yerdədir. Çox xırda detallar var ki, onu komandanın daxilində uzun müddət olanda bilmək mümkündür. Baxırsan ki, oyun planında problem yoxdur. Dünən "Neftçi”yə qarşı da yaxşı oynadılar. 10 nəfərlə səfərdə qol vurdular. Amma görürsən ki, neçənci oyundur, qırmızı vərəqə alırlar, qapılarına penalti təyin edilir. Yəqin ki, sonuncu pillədə olmaları futbolçularda psixoloji gərginlik yaradıb, təzyiqə davam gətirə bilmirlər, özlərinə inamı itirblər. Bu kimi çətinliklər ola bilər. Amma oyun planında hansısa çətinliklər yoxdur. Bir də ki, transfer məsələləri var. Transfer həmişə lazım olur, əlindəkindən daha yaxşısını axtarırsan”.
"Qəbələ” fasilədə bir əcnəbi transferi həyata keçirdi - əvvəllər də bu komandada oynamış Klesio Bauku geri qaytardılar. Maraqlıdır yeni idman direktoru bu futbolçunun keçidi haqda nə düşünür?
"Düzdür, mən onunla işləməmişəm. Amma Azərbaycan çempionatının oyunlarından tanıyıram. Hətta Finlandiya çempionatında keçirdiyi oyunları da izləmişdim. Məncə, komandanı gücləndirəcək. Afrika Millətlər Kubokunda millinin heyətində çıxış edir. Hətta qol da vurdu. Əvvəlki vaxtlara baxanda, daha təcrübəli olub. Məncə, xeyri dəyəcək. Çox güman, əvvəlki kimi effektli olacaq”.
Səfiyarlı klubla bağlı qarşıdakı planlardan da danışdı:
"Əsas məsələ komandanı çətin vəziyyətdən çıxarmaqdır. Bunun üçün nə lazım olsa, rəhbərliyə dəstək verməyə hazırıq. Məncə, məşqçilər heyətində say azdır, cəmi üç köməkçi var. Bilirik ki, başqa klublarda bu işlə daha çox sayda adam məşğul olur. Ona görə də heyəti genşləndirmək lazım olacaq. Bu təxirəsalınmaz işlərdəndir, klub rəhbərliyi də artıq icazə verib. Bir məşqçi-analitik və fiziki hazırlıq üzrə məşqçi dəvət etmək istəyirik. Namizədlər beynimizdə var, yaxın iki-üç gün ərzində müəyyənləşəcək. Əcnəbi də ola bilər, yerli də. Hazırda müzakirələr aparılır. Bundan başlayacağıq. Daha sonra məşqçilərlə, rəhbərliklə birlikdə komandada psixoloji gərginliyi aradan qaldırmağa çalışacağıq. Oyun planında nədənsə narazılıq etmək düzgün olmaz. Dünən "Neftçi” ilə oyunda çox yaxşı təsir bağışladılar. Sadəcə, qollar gözlənilməz oldu. Birini penaltidən buraxdılar. Problem ondadır ki, komandada inam olmayanda ən xırda təhlükələr qolla nəticələnə bilir. "Qəbələ”də də bunu görürük. Bir də sanki sonuncu yerdə olduğu üçün hakimlər "Qəbələ”yə qarşı rahat qərar verirlər. Baxırıq ki, hansısa rəqib oyunçuya "təmiz” qırmızı vərəqə, yaxud komandanın qapısına haqlı penalti qərarı vermədilər. Amma "Qəbələ”də belə problem olmur. Biz də istəyərik ki, adımız "neqativ” şeylərdə hallansın. Tutaq ki, bizim xeyrimizə olmayan penaltini versinlər, oyunçumuza haqlı qırmızı vərəqə verməsinlər. Faiz nisbətilə 50-nin 50-yə olan sarı vərəqələrin hamısını bizim oyunçularımıza göstərirlər. Hazırda başqa komandalarda müzakirələr gedir. Kiminsə qapısına haqlı penalti qərarı olanda vermirlər. Biz də istəyərdik xeyrimizə belə səhvlər etsinlər. Təəssüf ki, hakimlərlə bağlı çox şikayətlər var. İstəyirik ki, bizə görə də şikayət etsinlər. Desinlər, "Qəbələ”nin də qapısına penalti qərarı çıxarılmalı idi, amma çıxarmadılar”. Desinlər ki, "Qəbələ”nin futbolçusuna haqlı qırmızı vərəqə göstərilmədi”. Halbuki belə səhvlər ancaq bizə qarşı olur”.
"Qəbələ”nin azarkeşləri də artıq komandanın uğursuzluğu ilə bağlı narazılıqlarını aşkar şəkildə dilə gətirməyə başlayıb. Hətta, belə davam edəcəyi təqdirdə oyunlarda etiraz səslərini yüksəldəcəklərini bildirirlər. Klub rəsmisi məsələyə münasibətini bildirməklə yanaşı, hazırkı məşqçilər korpusunun işini də qiymətləndirdi:
"Belə vəziyyətdə azarkeşi qınaya bilməzsən. Dünən, "Neftçi” ilə oyunda da etirazlarını bildirdilər. Komanda əvvəlki oyunlara baxanda daha yaxşı, inamlı oynadı. Buraxılan qollarda bəxtsizlik də rol oynadı. Komanda oyun baxımından çox da axsamadı. Ona görə də məşqçilərin işini pisləmək düz olmaz. Azarkeş üçün isə bu maraqlı deyil, nəticə istəyir. Yəqin ki, vaxt lazımdır. Bəlkə iki-üç oyuna vəziyyəti düzəldəcəyik. Onlara "səbirli olun” da deyə bilmirik. Çünki 20 turdur səbr edirlər. Mən "Qəbələ”yə gələnə qədər azarkeşlər komanda və məşqçilərlə görüşüb. Mən də azarkeşlərlə görüşüb, onlara vəziyyəti anlada bilərəm. Ona görə də indiki durumda azarkeşlərlə komandanın görüşlərinin tərəfdarı deyiləm. Hər dəfə futbolçuları, məşqçiləri təzyiq altına salmaq düzgün deyil. Azarkeşləri sakitləşdirməyin ən yaxşı yolu nəticə qazanmaqdır. Bir-iki oyunda qələbə qazansaq, hər şey düzələr. Yoxsa nə qədər ümid verirsən ver, uduzanda yenə eyni hal yaranacaq. Futbolçuların, məşqçilərin işi meydandadır. Azarkeşləri sakitləşdirmək bizim, yəni rəhbərliyin işidir. Yəqin ki, azarkeşlərimiz vəziyyəti görürlər, anlayırlar. Komandanı gərginlikdən çıxarmaq lazımdır”.
O, sonda "Qəbələ”yə qayıdışının səbəblərini də izah etdi:
"Qəbələ”nin mənim üçün doğmalığı çox rol oynadı. Bu vəziyyətdə nə edəcəyimi fikirləşmirdim, çünki məşqçi və ya foksçu deyiləm. Əslində, klub işinə qayıtmaq ürəyimcə deyildi. Amma "Qəbələ”də mənim dostlarım, münasibətim olan insanlar var. Burada işləmişəm, mənə yad yer deyil. Köməyimə ehtiyac olduğunu düşünüblərsə, dəvətdən imtina edə bilməzdim”.
saytlarin hazirlanmasi