"Səbail" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Dramatik bir matç izlədik. Yadıma gəlmir ki, bir oyunda nə vaxt 4 penalti olub. Komandam bu gün layiqli futbol oynadı. Futbolçularım "Qarabağ" kimi komandaya qarşı meydanın hər qarışı uğrunda amansız mübarizə apardı. Əsas məqsəd daha tez oynamaq və cinahları işə salmaq idi. Artıq cinah oyunçularımız qayıdıb. Onlara bir-iki həftə vaxt lazımdır. Zamanla daha yaxşı "Səbail" olacaq. Bu gün məğlub olsaq da, utanılası bir əlamət görmürəm. Alqışalayiq bir komandam var. "Qarabağ"ı təbrik edirəm. Düşünmürəm ki, indiyə kimi hansısa komanda onların qapısı qarşısında bu qədər qol epizodu yaratsın. Sadəcə nəticə bizi məyus edir. Heç-heçə olsaydı, daha ədalətli olardı. "Səbail" bu gün pis futbol oynaması.
- Futbolçularınız 2-3 metrdən qol vura bilmir. Buna münasibətiniz necədir?
- 12-ci turda "Turan Tovuz"la matçdan sonra komanda qopdu. Bizim kimi komandada bu qədər zədəli oyunçunun olması çətindir. Məcbur olub heç vaxt oynamadığım "beşli" sistemə keçdim. Siz dediyiniz uşaqlıqdır, səviyyədir. 28-30 yaşlı futbolçu ilə bunun üzərində işləməyə dəyməz.
- Cabir Əmirlinin yerinə əvəzedici komandadan oyunçu götürmək olmaz?
- Cabir hazır deyil. Ona çox sağ ol deyirəm. Ağır zədədən sonra tam bərpa olunmayıb. Bu gün mənim istəyimlə oynadı.
- "Zirə" ilə kubok matçı ilə bağlı fikirləriniz necədir?
- Bizim üçün önəmli matçdır. Hər iki cəbhədə vuruşmağa hazırıq. Bu gün 15-16 nəfər forma davası edir. Komandada rəqabət var. Bu, məni sevindirir.
- Mövsümün əvvəlindəki avrokuboklar hədəfi dəyişməyib?
- Başlanğıcda bizim tapşırığımız ilk 6-lıqda olmaq idi. İkinci dövrədən sonra isə gördük ki, avrokuboklarda da oynamaq gücündəyik. Bu komandanın potensialı ona yetər. Bu oynasaq, o yol uzaqda deyil.
- Ağabala Ramazanovun durumu necədir?
- Qomis və Ağabala qayıtsalar da, əvvəlki formada qayıtmayacaqlar. Ağır da olsa, onların yoxluğu ilə barışmışıq. Gələn mövsüm üçün tam düzələcəklər.
- "Qarabağ"ın "Sabah" üzərindəki 7:1 hesablı qələbəsindən sonra komandanı oyuna hazırlamaq çətin olmadı?
- Zarafatca Qurban Qurbanovdan soruşdum ki, bu gün məni istefaya yollamayacaqsan? Qurban müəllimə çox böyük hörmətim var. Yaxşı insan, yaxşı məşqçidir. "Qarabağ"la açıq futbol oynamaq cinayətdir, ölümə bərabərdir.
- Hakimliklə bağlı fikirləriniz necədir?
- Hakimlər haqda rəy verməyəcəm. Bu, mənim işim deyil. Etik normadan kənardır. Hakimə böyük basqı da lazım deyil. Nə "Qarabağ" nə də biz bu gün hakim səhvinin olduğunu deyə bilmərik. Hakim də insandır, o da səhv edə bilər.
Elçin Əlixan
saytlarin hazirlanmasi