Uşaq futbolunun inkişaf etməsi üçün önəmli olan məsələlərdən biri də aşağı yaş liqalarında rəqabətli çempionatların təşkilidir. Lakin bizdə bunu da icra etmək çətindir. Çünki maliyyə imkanları yaxşı olan klublar əksər istedadlı uşaqları yığırlar və belədə mövsüm ərzində liqada cəmi 2-3 rəqabətli oyun müşahidə olunur.
Arxada qalan illər ərzində klublar arasında centlemensayağı razılıqlar olsa da, bu məsələ heç cür həllini tapmayıb. Haradasa istedadlı uşaq üzə çıxan kimi, imkanlı klublar həmin uşağın valideynini şirnikləndirməklə onu cəlb etməyə nail olurlar.
Bunun xaricdə necə tənzimlənməsi maraq doğurur. Mövzuyla bağlı AFFA-da Təhsil proqramın rəhbəri olan Aslan Kərimova müraciət etdik. Sportal.az saytına açıqlama verən tanınmış futbol mütəxəssisi maraqlı əhvalat danışdı:
"Danimarkada olarkən bununla bağlı maraqlanmışdım. Ki, onlar bunun qarşısını necə alırlar, bu işlər necə qurulur və s. Nə barədə danışdığımı başa düşmədilər. İzah etməyə çalışdım ki, bizdə valideynlər uşağını çıxarıb imkanlı klublara aparırlar. Ən yaxşıları yığan 2-3 komanda olur güclü, qalanları zəif. Belədə liqaların səviyyəsi aşağı olur.
Gördüm ki, yenə başa düşmürlər. Dedilər ki, onlarda belə hallar baş vermir. Ümumiyyətlə, bir valideynin uşağını olduğu yerdən çıxarıb başqa yerə aparmasını ağılları almadı. Anlaşılmadığımı görüncə, daha dərinə getmədim."
saytlarin hazirlanmasi