"Səbail" Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Araz-Naxçıvan"a 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Deyiləsi çox şey yoxdur. Yaxşı komandaya qarşı oynadıq. Onların futbolçuları fərdi baxımdan bizdən üstün idilər. Çox bəsit qollar buraxdıq. "Araz-Naxçıvan"ı təbrik edirəm.
- Komandanız çox qol buraxır. Bunun səbəbi nədir?
- Bu gün autdan qol buraxırıq. Bu, ilk dəfə deyil. Top cərimə meydançamıza gələndə artıq qolun qoxusu gəlir. Sistemi dəyişmək də effekt vermir.
- Belə qolların buraxılması təsadüfdür, yoxsa hansısa şübhələriniz var?
- Məndə heç bir futbolçuya qarşı şübhə olmayıb. Bomba eyni yerə bir dəfə düşər də. Bizdə isə eyni yerə 10 dəfə düşür. Samballı cavab verə bilmirəm. Bir nöqtədən bu qədər qol buraxmaq olmaz. Özümü təmizə çıxarmaq üçün 100 dənə səbəb deyə bilərəm. Amma bunu edə bilmərəm. Məsuliyyəti mən daşıyıram. Futbolçuların yox, mənim səhvimdir.
Elçin Əlixan
saytlarin hazirlanmasi