Azərbaycan milli komandasının sabiq futbolçusu Arif İsayev Sportal.az saytına müsahibə verib.
- Azərbaycan milli komandasının üç gün öncə Estoniyaya 1:3 hesabı ilə məğlubiyyətini necə şərh edəcəksən?
- Estoniyaya qarşı bərbad oynamadıq. Statistikaya baxsaq, daha üstün görünürdük. Bir az şanssızlıq da var idi. Qol vurmaq və hücumçu problemimiz var. Onu həll etmək lazımdır. Estoniya kimi rəqibə qarşı hər şeyi edirik, amma qol vura bilmirik. Ötən il Estoniyaya qalib gəlmişdik, xatırlayıram həmin oyunu. Futboldur da. Keçən illə bu il arasında millimizdə dəhşətli fərq yoxdur. İsveç qalibiyyətini kənara qoysaq, demək olar ki, eyni heyət, eyni millidir. Düzdür, baş məşqçimiz dəyişib. Amma inanmıram ki, o, qısa zamanda dəyişikliyə təsir etsin. Ümid edək ki, daha yaxşı olacaq. İnanaq, güvənək. Düzdür, Estoniyaya qarşı ürəkaçan oyun və ürəkaçan nəticə olmadı. Ancaq ümid edək ki, daha yaxşı nəticə olacaq. Lakin çətin görünür.
- Futbolçuların döyüşkən olmaması haqda fikrin necədir?
- Kənardan elə görünür ki, bəzi futbolçuları çıxmaq şərtilə millidə ruh və döyüşkənlik yoxdur. Özümdə də elə hiss var ki, əvvəlki millilər daha döyüşkən, daha əzmkar oynayırdı. Uduzsaq belə, sona qəfər mübarizə aparırdıq. İndiki heyətdə də döyüşənlər, məğlubiyyəti qəbullana bilməyənlər var. Amma mənə də elə gəlir ki, sanki əvvəlki yığmamız daha döyüşkən idi.
- Fernandu Santuş Azərbaycan millisində hansı nəticəni qazana bilər?
- Bir müddət sadəcə vaxt vermək şərtilə, potensiallı yerli məşqçini millimizdə görmək istəyərdim. Hansı ki, müasir futbola daha yaxındır. Cavan nəsildən birini görmək istəyərdim. Lap cavanları demirəm, sadəcə yerli məşqçiyə vaxt və şans vermək lazımdır. Qurban Qurbanov örnəkdir. Amma tək onunla da iş bitmir. Ən azından onun yolunu gedə biləcək adamlar lazımdır. Allah qoysa, Fernandu Santuş da uğurlu olsun. İstəyimiz odur. Təki Azərbaycan üçün yaxşı alınsın.
- Bu gün millimiz Slovakiya önünə çıxacaq. Uğurlu nəticəyə inanırsan?
- Ardıcıl üç məğlubiyyət xoşagəlməz haldır. Slovakiyaya qarşı da çox çətin olacaq. Ümid edək ki, ən azından qələbə olmasa da, heç olmasa xal qazanarıq.
- İndiki futbolçularımızın milli tarixinin ən yaxşısı olduğunu düşünürsən?
- Hamısını demərəm. Amma heyətimizdə 2-3 futbolçu var ki, yaxşıdırlar. Elvin Cəfərquliyev, Emin Mahmudovu deyərdim. Bir neçə futbolçu var ki, onlar həqiqətən seçilirlər. Mənim dövrümdə Mahir Şükürov, Rəşad Sadıqov, Kamran Ağayev kimi futbolçuların yerini doldura biləcək oyunçuları indi görmürəm.
- Aşağı yaş qruplarından ibarət yığmalarımız da uduzur. Vəziyyətin daha pis olduğunu düşünmək olar? Sanki futbolumuzun yenilənməyə ehtiyacı var...
- Bəli, bununla tam razıyam. Sistem olaraq yenilənməliyik. A milliyə baş məşqçi gətirdik və hər şey düzələcək deyə, bir şey yoxdur. Müvəqqəti olacaq bir şeydir. Sistem lap aşağı yaşlardan qurulmalıdır. "Benfika", "La Masiya", "Ayaks" kimi uşaq akademiyalarından görünür ki, bunu aşağıdan başlamaq lazımdır. Yuxarı xərclənən pulların 50-60 faizini bünövrəyə xərcləmək lazımdır. Şəraiti, infrastrukturu yaxşı qurmaq lazımdır. Biz uşaq futboluna daha çox fikir verməliyik. Yenilənməyə ehtiyacımız var. Amma uşaq futbolundan başlamaq lazımdır. Portuqaliyalı baş məşqçini A milliyə gətirməklə düzələn iş deyil. Hamısı müvəqqəti məsələlərdir.
Mirbağırağa
saytlarin hazirlanmasi