"Əlbəttə ki, millidən dəvət gözləyirəm, Vadim mənim üçün örnəkdir" - MÜSAHİBƏ

14:23 - 20 Oktyabr 2024

Polşanın üçüncü liqa təmsilçisi olan “Flot” komandasında oynayan azərbaycanlı futbolçu Ricat Qarayev Sportal.az saytına müsahibı verib.

- Polşadakı işlərin necə gedir? Komandan ikinci liqaya yüksəlmək uğrunda mübarizə aparır. Səncə, bunu bacaracaqsız?

- Hər şey qaydasındadır, şükür Allaha. Bəli, komanda bu il ikinci liqaya yüksəlmək uğrunda mübarizə aparır. Amma hələ qarşıda çox oyun var. İndidən bir şey demək çətindir. Əlimizdən gələni edəcəyik ki, ikinci liqaya yüksələk.

- Bu sezon öz performansından necə, razısan?

Bəli, məşqçilər heyəti performansımdan razıdır. Hər zaman öz üzərimdə çalışıram. Performansımı daha da artırmaq istəyirəm. 

- Yayda sənə Polşanın daha üst liqalarından təklif oldu, ya Azərbaycan liqasından?

Bəli, Polşanın yuxarı liqa klubları ilə danışıqlarım oldu. Amma anlaşa bilmədik. Azərbaycandan isə xeyr, təklif olmadı. Lakin olarsa, dəyərləndirəcəm. İndi bütün fikrimi "Flot"a yönəltmişəm. Qarşımızda məqsədlər var.

- Polşa vətəndaşlığınlı almaqla bağlı yenilik varmı? Legioner kimi oynamaq sənə problem yaratmırki?

Vətəndaşlıq almaq bir az çətindir. Çünki bildiyim qədərilə 8 il mütəmadi olaraq Polşada yaşamaq lazımdır. Ondan sonra isə vətəndaşlıq üçün baş vurmaq olar. Əlbəttə ki, vətəndaşlıq olsa, daha asan idi. Çünki hər komanda yerli oynatmaq istəyir. Amma belə də problem yaratmır. 

- Yəqin ki, A millidən dəvət gözləmirsən? Hər halda, aşağı liqada oynadığın üçün bu mümkünsüz görünür...

Əlbəttə ki, millidən dəvət gözləyirəm. Çünki A millidən dəvət millinin hər bir futbolçusu üçün açıqdır. Mənim üçün örnək Vadim Abdullayevdir. Bir neçə il bundan qabaq birinci liqada oynayırdı. Amma indi Vadim A millidə oynayır, debüt matçına da çıxdı. Bu da böyük uğurdur. Hər bir futbolçu birinci liqada çıxış edən ümidini heç vaxt itirməməlidir. Lakin öz üzərində işləmək, çalışmaq lazımdır.

 - Polşada "Radomiak"da oynayan Rahil Məmmədovla münasibətin var? Onunla danışıb, görüşürsən heç? 

Rahillə münasibətim yoxdur. Yaxından izləmirəm onu. Amma ona yalnız uğurlar arzulayıram.

Mirbağırağa
 

Xəbər xətti