"Fernandu Santuşun yanında minimum bir azərbaycanlı məşqçi olmalıydı. Hər halda, həmin məşqçi yerli futbolçuların matça köklənməsidə Santuşa köməklik edəcəkdi. İsveçlə görüşdə bir epizod məni çox narahat etdi. Fernando Santuş tək oturub, başın aşağı salıb, taktik portda nəysə yazırdı. O, bunu tək edirdi. Bu cür vəziyyətdə ona kömək edəcək köməkçisi olmalıydı. D liqasında da mübarizə aparmaq lazımdır. Oradakı komandalarla oyunlar elə də asan keçməyəcək. Bizi qarşıda çox ağır və düzgün planlaşdırılmış gərgin iş gözləyir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Adil Şükürov deyib.
Azərbaycanlı futbol məşqçisi milli komandamızın düşdüyü durumdan bəhs edib. Bununla yanaşı, milli komandamızın D liqasında oynaması haqda belə danışıb:
"İstəyərdim ki, bir az əvvələ qayıdaq. "Kəpəz"də çalışdığım dövrdə "Qarabağ"la matçdan sonra bir söz demişdim ki, 4 dövrəli çempionatda hansısa komanda 4-cü dövrənin oyunları başlamamış çempion olmamalıdır. Qurban Qurbanov da çempionatın daha rəqabətli olmasını həmişə müsahibələrində bildirirdi. Üstəlik, yerli futbolçu çatışmamazlığı da var. Belə olan halda bu günkü günə olan reallıq da budur. Razılaşsaq da, razılaşmasaq da mövcud durum belədir. Fernando Santuş Estoniya ilə matçdan sonra mətbuat konfransında Portuqaliya millisinin bu günkü milli səviyyəsinə çatması üçün hansı yolu qət etdiyini deyərkən, əsas iki məsələyə toxunmuşdu. Birincisi 15-16 yaşlı futbolçuların inkişaf etdirilməsi, ikinci məsələ isə bu futbolçular püxtələşənə qədər mililəşdirmə yolunu qət edilməsi idi. Allah qoysa, yeni strategiyanın reallaşmasına daha güclü nəzarət olunacaq. Çünki bu strategiyada klublarda uşaq futboluna nəzarət düzgün qurulmalıdır, daha sonra isə klublarda infrastruktur məsələsi önə çəkilməlidir. Mən bunu Santuşun Estoniya ilə oyundan sonra verdiyi müsahibəsindən anladım. Amma ola bilər ki,mən yanılmışam. Millimiz D liqasında işləri düzgün qurub, C liqasına qayıtmalıdır. Bunun üçün hazırlanan strategiyada nələri əhatə etməsini gözləməliyik . Ancaq ondan sonra hansısa fikir bildirmək olar".