"Elfsborq" "Qarabağ"dan çəkinirdi, buna görə bir neçə yoxlama oyunu keçirmişdilər" - MÜSAHİBƏ

18:22 - 13 Dekabr 2024

İsveçdə yaşayan və orada futbol məşqçisi kimi çalışan Valeh Qafarov Sportal.az saytına müsahibə verib. Dünən Avropa Liqasının 5-ci turunun "Elfsborq" - "Qarabağ" görüşünü "Boras Arena"da canlı izləmiş həmyerlimiz həmin oyun haqda fikirlərini bildirib.

- "Qarabağ"ın "Elfsborq"la matçdakı məğlubiyyətininin səbəbi nədədir? Hər halda, oyunu stadiondan canlı izlədiyiniz üçün hər şeyi daha yaxşı gördünüz...

- Açığı, "Qarabağ"ın qələbəsinə çox inanırdım. Amma bu futboldur da, hər nəticə qeydə alına bilər. Belə də, oldu. Nəticədən asılı olmayaraq, "Qarabağ"a həmişə inanıram. Dünənki görüşdə də inanırdım. Təəssüf ki, belə oldu. "Elfsborq"la görüşü canlı stadiondan izlədik. Matçdan əvvəl dostum olan Elçin Rəhmanovla da görüşdük, "Qarabağ"a uğurlar arzuladıq. Ümidvaram ki, qarşıdakı matçlarda yenə də qələbələr olacaq.

- "Qarabağ"ın "Elfsborq" qapısı qarşısında çox da qol epizodu yarada bilmirdi. Bunu nə ilə əlaqələndirirsən? Səncə, nəyə görə "Qarabağ" qol epizodlarına az-az yaradırdı?

- "Qarabağ" həqiqətən topla oyunda "Elfsborq"dan üstün idi. Ancaq təəssüflər olsun ki, hücumlarda sürət bir az çatışmırdı. Üstəlik, cərimə meydançasına son ötürmələrdə dəqiqlik də yerində deyildi. "Elfsborq" yaxşı da müdafiə olundu. Ona görə də bu cür nəticə qeydə alındı.

- Bəs, "Elfsborq"un uzun müddət rəsmi oyun keçirməməsi onların əleyhinə işləmədi?

- "Elfsborq" "Qarabağ"dan çəkinirdi. Düşünürəm ki, ona görə "Qarabağ"a qarşı matça qədər rəsmi oyunları olmasa da, ciddi hazırlaşdılar. Nə qədər yoxlama oyununa çıxdılar. Bunların hamısı "Qarabağ"dan çəkindikləri üçün idi. 

- Komandanın aparıcı üzvləri Yassin Benzia, Abdullah Zubir və Juninyonun effektli ola bilməməsini nə ilə əlaqələndirirsən?

- Həm Zubir, həm Benzia, həm də Juninyo səviyyəli oyunçulardır. "Qarabağ"ın uğurlarında zəhmətləri danılmazdır və çoxdur. Dünyada elə futbolçu və elə koamnda yoxdur ki, hər oyunda qələbə qazansın, gözəl oyun sərgiləsin. Bəzən olur ki, oyunçuların oyunu alınmır, komanda şəklində də istədiklərini meydanda reallaşdıra bilmirlər. Bu da futbolda normal haldır. 

- "Qarabağ"ın qarşıdakı oyunları FKSB və "Olimpiakos"a qarşıdır. Bu matçlarda "Qarabağ"ın qələbə şanslarını necə dəyərləndirirsən?

- Şəxsən mən "Qarabağ"a çox inanıram. "Qarabağ" bizim yeganə komandamızdır ki, neçə illərdir Avropada hamımızı sevindirir, Azərbaycanı, futbolumuzu öz nəticələri və gözəl oyunu ilə yüksək səviyyədə tanıdır. İnanıram ki, qələbələr olacaq və sevinəcəyik. "Qarabağ"a dəstək olmalıyıq. Mühüm olan odur ki, məğlubiyyət zamanı da komandaya dəstək və inamımızı göstərməli, yanında olmalıyıq.

Mirbağırağa


Xəbər xətti