Azərbaycanın U-21 yığma komandasının sabiq üzvü, “Dnepr”in heyətində Ukrayna Premyer Liqasında çıxış etmiş Dmitri Nağıyev Sportal.az saytına müsahibə verib.
- "Minay"dan ayrılmağınıza səbəb nə oldu? Halbuki bu klubla yayda bir illik müqavilə imzalamışdın. Problem nə idi?
- "Minay"da çox çətin period oldu. Bilirsiz, əslində yayda başqa klubla müqavilə imzalamağa yaxın idim. Sadəcə Ukraynanı tərk edə bilmədiyim üçün "Minay"la müqavilə imzaladım. Bu klub haqda pis heç nə deməm istəmirəm. Amma düzünü deyim, "Minay"dan ayrıldığım üçün şadam.
- "Minay"da əvvəllər Anatoli Nuriyev, Eldar Quliyev və Rüstəm Əhmədzadə oynayıb. Onlar haqda klubda danışırlar?
- Bəli, bu haqda məlumatlıyam. Amma düzünü deyim, orada olduğum müddətdə onlar haqda heç nə eşitməmişəm, onlar haqda heç nə danışmayıblar.
- Ukraynada futbol oyunları zamanı həyat təhlükəsi yenə də qalıb? Oyunlar zamanı hansısa təhlükə hiss edirsiz?
- Bəli, elədir. Hər gün fərqli-fərqli şəhərlərdə partlayışlar baş verir.
- Azərbaycana gəlmək ehtimalın nə qədərdir? Təkliflərin var?
- Düzünü deyim, Azərbaycan klublarından təklif almamışam. Yayda Azərbaycan klublarından birinə keçə bilərdim. Sadəcə alınmadı. Dediyim kimi, Ukraynadan çıxmağım baş tutmadı, burada qalmışdım.
- Səncə, Azərbaycanda elə oynamısan ki, Premyer Liqa klublarından dəvət gəlsin? Bu dəfə şans verilərsə, hər şey daha yaxşı alına bilər?
- Hər şey bir çox faktlardan irəli gəlir. Mən isə bütün çağırışlara hazıram. Futbolçulara sadəcə olaraq güvən lazımdır. O zaman hər şey yaxşı alınacaq.
- Yeri gəlmişkən, sən Ukrayna futbolunun yetirməsisəsn. Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsinin qrupunda rəqiblərindən biri də Azərbaycandır. Bu iki komandanın oyunları ilə bağlı düşüncələrin necədir?
- Ukrayna millisinin həmin vaxtı hansı durumda olacağına baxmaq lazımdır. Bilirsiz, son vaxtlarda Ukrayna yığması ən yaxşı futbolu oynamaqda çətinlik çəkir. Çünki milli Ukraynada oynamır. Düzü, Azərbaycan və Ukrayna yığmalarının oyununda hansı hesabın qeydə alınacağını ehtimal etmək çətindir. Amma fikrimcə, istənilən halda, Ukrayna qalib gələcək.
- Səhv etmirəmsə, vaxtı ilə "Qarabağ" və ya "Neftçi"yə keçmək ehtimalın olmuşdu. Doğrudur?
- Xeyr, "Neftçi"yə keçmək variantım olmamışdı. 18 yaşımda isə "Qarabağ"ın toplanışında iştirak etmişdim. Orada olduğum müddətdə məndən tələb olunan hər şeyi yerinə yetirmişdim. Amma keçid baş tutmamışdı. Açığı, özüm də nə baş verdiyini bilmədim. Mən "Qarabağ" futbolçularına və Qurban Qurbanova böyük hörmətlə yanaşıram. Yuri Syominin zamanında "Qəbələ"yə keçmək ehtimalım da az deyildi. "Qarabağ"a keçidim də baş tuta bilərdi. Fikrimcə, orada oynaya bilərdim. O vaxtı gənc oyunçularla bağlı limitlər var idi, mən də 18 yaşında idim. İndi düşünürəm və ehtimal edirəm ki, məni "Qarabağ"a göndərən adam o klublardan çox pul tələb etmişdi. Bu sadəcə mənim ehtimalımdır. Hər şeyi ən doğru bilən isə Allahdır.
Mirbağırağa
saytlarin hazirlanmasi