"Şahdağ-Qusar"ın şəraiti Premyer Liqanın bəzi klublarının şəraitindən daha yaxşıdır" - MÜSAHİBƏ

17:22 - 4 Yanvar 2025

U-21 yığmasında oynayarkən gələcəyinə böyük ümidlər bəslənilən Adilxan Qarəhmədov hazırda İkinci Liqanın iddialı klublarından olan “Şahdağ-Qusar”ın formasını geyinir. Hazırda Qusar təmsilçisinin aparıcı oyunçularından olan 23 yaşlı futbolçu Sportal.az saytına müsahibə verib. 

- "Şahdağ-Qusar"ın işlərinin yaxşı getdiyi görünür. İkinci Liqada komanda liderdir. Komandanın bu mövsümün ilk yarısındakı performansını necə dəyərləndirirsən?

Komandamız çox yaxşıdır. Birinci dövrədə hər şey planlaşdırdığımız kimi getdi. 12 oyunda 13 qələbə qazandıq. Amma bu heç də asan olmadı. İkinci dövrəyə hazırlaşıb, 26 oyuna 26 qələbə qazanmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.

- İkinci yerdəki rəqibiniz "Şəfa"nı 7:1 hesabı ilə məğlub etmişdiniz və onları 5 xal qabaqlayırsınız. Demək olar ki, bu liqada sizi dayandıracaq rəqib yoxdur?

"Şəfa" ilə oyunda hesabın 7:1 bitməsinə baxmayaraq, olduqca çətin oyun alınmışdı. Digər komandalar bizimlə oyunlara fərqli taktikalarla çıxırlar ki, bizdən xal ala bilsinlər. Hələ ki, işimizin öhdəsindən gələ bilmişik. Allah qoysa, ikinci dövrədə işimizin öhdəsindən gələcəyik.

- "Şahdağ-Qusar"ın artıq indidən Birinci Liqaya hazır olduğunu demək mümkündür?

Bəli, komandamız artıq Birinci Liqaya hazırdır. Bu mövsüm çempionluğu əldə edərək yeni sezondan Birinci Liqaya, oradan da Premyer Liqaya vəsiqə qazanmağa çalışacağıq. Allah qoysa, bunu reallaşdırarıq. 

- Klubun şəraiti necədir, hansısa problem yoxdurki?

Əlbəttə, "Şahdağ-Qusar"ın şəraiti çox yaxşıdır. Hətta deyərdim ki, "Şahdağ-Qusar"ın şəraiti Premyer Liqanın bəzi klublarının şəraitindən daha yaxşıdır. Hər şey yüksək səviyyədədir. Məşqçilər və rəhbərliyimiz bizim üçün əllərindən gələni edirlər. Hər cür problemimizi həll etməyə çalışırlar.

- Matçlarınızı Qusarda yox, Şamaxıda keçirirsiniz. Yəqin ki, Qusarda oynamaq istəyərdiniz ev matçlarınızı?

Əlbəttə, komandada hamı istəyərdi ki, oyunlarımız Qusarda olsun. Hazırda stadionda təmir işləri getdiyinə görə azarkeşlərimizdən uzaqda oluruq. Buna baxmayaraq, vacib matçlarda azarkeşlərimiz bizi yalnız buraxmır, stadionda bizi dəstəkləyirlər. Bu da bizə əlavə motivasiya verir. Allah qoysa, tez bir zamanda ev oyunlarımızı Qusarda keçirərik.

- Vaxtı ilə U-21 yığmamızın üzvü idin və gələcəyinə, perspektivinə çox güvənirdilər. Hazırda İkinci Liqada oynamağının səbəblərini nədə görürsən? Səncə, niyə Premyer Liqada yox, İkinci Liqa klubunda oynayırsan?

Məndən asılı olan və olmayan səbəblər yaşandı. Təbii ki, hər bir halda ən böyük səhv özümdədir. Daha çox işləmək lazım idi. İndi irəliyə baxmaq lazımdır. Premyer Liqadan təklif olmadığına görə birinci və ikinci liqadan təkliflər oldu. Elə yaxşı ki, "Şahdağ-Qusar"ı seçdim. Çünki komandanın potensialı bu liqadan daha da yuxarıdadır. 

- Maraqlıdır, U-21 yığmasında oynadığın vaxtlarda hansısa təklif var idi ki, qəbul etmədiyinə görə indi də peşmansan? Məsələn, "Neftçi", "Qarabağ" kimi komandalardan dəvətin olub?

Xeyr, "Qarabağ" və "Neftçi"dən təklif almamışdım. Amma başqa klublardan istəyənlər oldu. O vaxtkı klubumla bağlı olduğum üçün qalmağı üstün tutmuşdumş Amma heç bir qərarıma görə peşman deyiləm. Allah qoysa, yenidən Premyer Liqada oynamaq real olar. Hələ 23 yaşım var və yaşayıb, görəcəyim çox şey var. Amma çox istəyərdim ki, belə şans olsa da, "Şahdağ-Qusar" komandasında yaşansın.

Mirbağırağa

Xəbər xətti