"12 yaşında bu cür istedada yalnız Ronaldo sahib idi"

22:51 - 1 Dekabr 2025

Rafael Leaonun sabiq məşqçisi Tiago Fernandes bildirib ki, “Milan”ın vingeri ona həm Kriştiano Ronaldoyu, həm də Ronaldo Nazarionu xatırladır.

Sportal.az xəbər verir ki, hazırda “Portimonense”ni çalışdıran Fernandes "TMW"-yə müsahibəsində bunları qeyd edib:

“Rafael mənim üçün xüsusi futbolçudur. Və həmişə belə olacaq. Mən onu 12 yaşından, demək olar ki, “Sportinq”in bütün gənclər komandalarında çalışdırmışam. Lissabonda bu yaşda belə talanta yalnız Kriştiano Ronaldo sahib idi. Şübhəsiz ki, o, işlədiyim ən yaxşı futbolçudur.

Onun hücumçu kimi oyunu yeni deyil, Rafael “doqquz nömrə”dir. O, demək olar ki, həmişə bu mövqedə oynayıb. Gənc yaşlarından mənə “fenomen” Ronaldonu xatırladırdı, sürəti, texnikası, toxunuş ustalığı ilə. Leao harada istəsə oynaya bilər, dünyanın ən yaxşı klublarında. O, istənilən komandaya layiqdir.

Onun “San Siro”da parlamasını görmək çox qürurvericidir, bu, meydanda birlikdə keçirdiyimiz uzun saatların qarşılığıdır. Biz bir-birimiz üçün çox vacib olmuşuq və bu gün belə böyük komandanın heyətində əsas rol oynamasına çox sevinirəm. Alleqri’nin “Milan”ı onun bütün keyfiyyətlərini üzə çıxarmaq üçün ideal mühitdir. Əminəm ki, o, bu il çox qol vuracaq və xoşbəxt olacaq."

Xəbər xətti