"Ola bilər ki, bunun hesabına "Qarabağ"dan 7 xal ala bilmişik"

12:16 - 29 Yanvar 2025

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 20-ci turunun matçında "Qarabağ"a qalib gəlməsini şərh edib:

"Qarabağ"a qarşı matç gözlədiyimiz kimi ağır keçdi. Biz bu oyuna həftəboyu buna hazırlaşmışdıq. Bu cür matçlarda səbirli olmaq çox önəmlidir. Bunu da etdik. Son dəqiqələrdə əlimizə düşən qol imkanlarını dəyərləndirdik. Sonda da qalib gəldik. Əlbəttə, qələbəyə görə hamımız şadıq. Kurban Berdiyev matçdan əvvəl və fasilədə də sona qədər oynamaq, mübarizədən çəkinməməyin vacibliyini söyləmişdi. Bizə inandığını fasilədə də bildirdi. Səbirli olub, vaxtımızı gözləməli olduğumuzu da demişdi. Biz də sona qədər mübarizədən düşmədik, son saniyəyə qədər oynadıq, qollarımızı vurub qalib gəldik".

"Turan Tovuz" bu mövsüm "Qarabağ"a qarşı keçirdikləri 3 matçdan 7 xalla ayrılıb. Hacıyev bu nəticənin nə ilə bağlı olduğunu açıqlayıb:

"Qarabağ"la matçlarda həmişə motivasiya, istək daha çox olur. Ola bilər ki, bunun hesabına 2024/2025 mövsümündə "Qarabağ"dan 7 xal ala bilmişik. Biz bu komandaya qarşı çox istəkli və yüksək motivasiya ilə oynayırıq. Elə son matçdakı kimi, hər dəfə sona qədər mübarizə aparırırq və nəticədə istədiyimiz xalı qazanırıq. Amma əlbəttə ki, "Qarabağ"a qarşı oynamaq çox çətindir".

Xəbər xətti