"Heç bir oyunda uduzmaq istəmirik, bəzən nələrsə çatışmır, son nöqtəni qoya bilmirik"

12:23 - 23 Mart 2025

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov Sportal.az saytına açıqlama verib.

O, millimizin Haitiyə 0:3 hesablı məğlubiyyətini şərh edib: "Haitinin güclü rəqib olduğunu bilirdik, onları analiz etmişdik. Zəif və güclü tərəflərindən xəbərdar idik. İlk hissəni uduzsaq da, üstün tərəf idik. Hətta qollar vura bilərdik, amma alınmadı. Son nöqtəni qoya bilmədik. İkinci hissədə də hesabda önə keçmək istədik. Amma təəssüflər olsun ki, o da alınmadı. Qarşıda Belarusla oyunumuz var. Həmin görüşdə qələbə qazanmağa çalışacağıq".

Bayramov, martın 25-də Belarusa qarşı keçiriləcək matç haqda isə bunları deyib: "Milli komanda elədir ki, orada sırf azarkeşlər və ya sırf kiminsə üçünsə oynamırsan. Orada bayrağın, vətənin, xalqın üçün oynayırsan. Təbii ki, məğlub olmaq istəmərik. Heç bir oyunda uduzmaq istəmirik. Sadəcə bəzən nələrsə çatışmır, nələrisə düzgün edə bilmirik, son nöqtəni qoya bilmirik. Ya da hardasa diqqətsiz oluruq. Çalışacağıq ki, bu vəziyyətdən çıxaq, toparlanaq. İnanıram ki, hər şey yaxşı olacaq".

Xəbər xətti