Rusiyalı futbol agenti Dmitri Selyuk Murad Musayevin "Krasnodar"ın baş məşqçisi kimi uğurlarını dəyərləndirərək, onun əvvəllər “Sabah”dakı fəaliyyətini də xatırlayıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan rusiyalı futbol adamı Musayevin Azərbaycanda daha çox təcrübə qazandığını bildirib:
"Hazırda Musayevin komandası turnir cədvəlində birinci pillədədir. Amma heç kim onun haqqında yaxşı heç nə demir. Heç kim onu tərifləmir! Musayevin mövsümün ən yaxşı məşqçisi olduğunu demirəm. Amma o, klubun işini yaxşı bilir, ona uyğunlaşıb. Sergey Qalitskinin bütün nüanslarını və bütün istəklərini bilir. İndi o, bütün bunları təcəssüm etdirir. O, Azərbaycanda da işlədi. Orada da yaxşı təcrübə qazandı, özünü də təkmilləşdirdi. Sonradan “Krasnodar”a qayıtdı və indi də yalnız alqışlar, xoş sözlərə layiqdir".
Murad Musayev 2021-ci ildən 2024-cü ilə qədər “Sabah”da çalışıb.