“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Avropanın bir neçə tanınmış klubunun maraq dairəsindədir.
Sportal.az xəbər verir ki, son vaxtlar xüsusən Zaqreb “Dinamo”su və “Panatinaikos”un adı 29 yaşlı orta sahə oyunçusu ilə birgə hallanır.
Adıçəkilən klublar Monteneqro millisinin üzvünün transferi qarşılığında Azərbaycan çempionuna təzminat ödəməyə razıdırlar. Bununla bağlı futbolçunun özü ilə ilkin təmas da olub. Lakin ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu ayrılığın əleyhinədir.
Yassin Benzia, Kevin Medina, Patrik Andrade kimi oyunçuların klubla müqavilə müddəti mövsümün sonuna qədərdir və onların ayrılma ehtimalı heç də az deyil. Bunu nəzərə alan Qurbanov daha bir aparıcı futbolçunun gedişini istəmir. “Qarabağ” rəhbərliyi hətta Yankoviçlə müqavilə müddətini yeniləməyi planlaşdırır.
Qeyd edək ki, Marko Yankoviçin Premyer Liqanın lideri ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir. Zaqreb “Dinamo”su onunla çoxdan maraqlanırdı, “Panatinaikos” isə yarımmüdafiəçini qışdan bəri izləyir. (futbolinfo.az)
saytlarin hazirlanmasi