Türkiyə İntizam Komitəsində skandal - Ali Koç və Mourinyodan qisas almağı planlaşdırıblar?

22:04 - 17 İyun 2025

Türk İntizam Komitəsində Joze Mourinyo və "Fənərbaxça" prezidenti Ali Koçdan qisas almağı planlaşdırıblar.

Sportal.az xəbər verir ki, "Türkiye Gazetesi"nin məlumatına görə, Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) sədri və üzvlərinin WhatsApp yazışmaları üzə çıxıb. PFDK üzvləri Ali Koç və baş məşqçi Joze Mourinyoya istehza ilə yanaşıblar.

Məqalədə komitə sədri Nuri Demirtürka bir sıra suallar ünvanlanıb:

- Komitənin ümumi qrupunda bəzi üzvlərin açıq şəkildə “Qalatasaray”a azarkeşlik etməsi normaldırmı?

- Avtomobilinizin yürüş göstəricisinin 1905-ci (Qalatasarayın təsis ili – red.) rəqəmi üzərində dayandığını göstərən ekran görüntüsünü paylaşaraq hisslərinizi yazdığınız doğrudurmu? Orada “1905-i görəndə istər-istəməz ‘Sistem’in bir parçasına çevrilirsən yazılmışdı?

- Mövsüm ərzində WhatsApp yazışmalarında “Fənər, ağlama” kimi ifadələr işlədilibmi? “Fənərbaxça” ilə bağlı təhqiredici videolar paylaşılıb?

- Ən önəmlisi, Mourinyoya çox güzəştə gedildiyi, gələn il onları buna görə cəzalandırmaq lazım olduğu müzakirə olunubmu? “Gələn il bunun cavabını verdirəcəyik” kimi mesajlar yazılıb?

Məqalənin yazarı bildirir ki, bu mesajlar gerçəkdir və yazışmaların ekran görüntüləri bəzi şəxslərdə, o cümlədən “Fənərbaxça” prezidenti Ali Koçda da var. Onun yaxın günlərdə bu məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir.

“36 illik jurnalistlik fəaliyyətimdə TFF-də bu cür qalmaqala rast gəlməmişdim. İndi biri çıxıb “sistem” ifadəsini haqsız sayacaqmı? Əgər deyilənlər doğrudursa, bu, komitəyə və təşkilata xəyanətdir. Gerçəkdirsə, xahiş edirəm, federasiya və türk futboluna daha çox zərər verməmək üçün istefa verin”, – deyə məqalə yazarı Tahir Kum yazıb.

"Fənərbaxça” klubunun rəsmi saytında “Neytrallıq şübhə altındadır: PFDK üzvlərinin yazışmaları ilə bağlı” başlıqlı açıqlama dərc edilib və federasiyaya rəsmi müraciət edildiyi bildirilib:

“Biz hesab edirik ki, qərəzsizlik prinsipini açıq şəkildə pozan, düşmənçilik və intiqam elementləri daşıyan bu münasibət Türkiyə idmanında yer ala bilməz”, – deyə klubun açıqlamasında vurğulanıb.

Xəbər xətti