Elmar Baxşıyev: "Çalışacağıq ki, Salonikidən uğurlu nəticə ilə geri qayıdaq"

11:34 - 29 İyul 2025

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Aris”ə qarşı keçiriləcək cavab görüşü haqda danışıb.

Sportal.az xəbər verir ki, Salonikiyə yollanmamışdan əvvəl Heydər Əliyev adın Beynəlxalq Hava Limanında “CBC Sport”a danışan Baxşıyev komandasına inandığını bildirib:

“Birinci oyun hər iki komanda üçün ağır keçdi. Hər iki komanda meydançada yaxşı iş gördü və çoxlu mübarizənin şahidi olduq. Əslində, həmin matçdan əvvəl də bizi nələrin gözlədiyini yaxşı bilirdik. “Aris” yaxşı təşkilatlanmış komandadır, yaxşı futbolçulara sahibdirlər. Amma bizim də futbolçularımız bu oyuna hazır idi. Demək olar ki, birinci hissəni tamamlamışıq. Bilirsiz, biz tək naxçıvanlı azarkeşləri yox, biz Azərbaycanı təmsil edirik. Biz də düşünürük və istəyirik ki, həm naxçıvanlılar da daxil olmaqla, bütün Azərbaycan xalqını sevindirək. Komanda kimi hər şeyin yaxşısını etməyə çalışacağıq ki, Salonikidən uğurlu nəticə ilə geri qayıdaq".

Qeyd edək ki, “Aris” – “Araz-Naxçıvan” matçı iyulun 31-də keçiriləcək və matça Bakı vaxtı ilə 22:15-də start veriləcək.
 

Xəbər xətti