Yoxlama matçında "Şamaxı"dan 6 qol görən "Kəpəz" azarkeşlərinin bağırtısı sosail şəbəkə sərhədlərinin bir ucundan o biri ucuna qədər eşidilir. Gəncə klubunun yeni rəhbərliyi hələ ki bu təpkini bütün əzəmətiylə hiss eləmir. Premyer Liqa başlayanda məğlubiyyətlər sıralansa, həmin vaxt necə səhv yolla getdiklərininin fərqinə varacaqlar.
İdarəçilikdə yaxşı keyfiyyətlərdən biri də, sənə qədər qurulan, effekt verən sistemi qoruyub saxlamaq, pozmamaqdır. "Kəpəz"də ötən mövsüm bu baxımdan yaxşı işlər görülmüşdü. Azər Bağırov yaxşı futbolçulardan yığılmış, özünəxas oyun tərzi olan komanda formalaşdırmışdı. Yaxşı idarəçilik olsaydı, heyətə 4-5 səviyyəli futbolçu cəlb etməklə, daha iddialı "Kəpəz" ərsəyə gətirmək mümkün idi.
Lakin yersiz intriqalar hər şeyi alt-üst etdi. Belə görünür ki, bu "Kəpəz" ötən mövsümkündən daha zəif, heç bir iddiası olmayan kollektiv kimi çıxış edəcək. İndi şükür edirlər ki, Premyer Liqaya "İmişli", "Karvan" kimi yarımhəvəskar klublar gəlib. Heç olmasa onları qabaqlayıb Premyer Liqada qala bilərlər.
Yoxlama oyunlarında nəticə önəmli deyil. Lakin bu məsələyə haradan baxsan, "Şamaxı"dan 6 qol buraxmağa məntiqli cavab tapmaq olmur. Hələ o da var ki, "Şamaxı" özü də Premyer Liqada yerini qorumaq üçün mübarizə aparacaq.
"Kəpəz"in başının üstündən qara buludlar çəkilmək bilmir. Neçə ildir pulun yoxluğu bir dərd idisə, pul gəldi, başqa dərd gətirdi özüylə.
Həmid
saytlarin hazirlanmasi