"30 milyon avroluq büdcə 300 milyonluq büdcə ilə rəqabət aparanda burada nə ədalət var?"

00:51 - 3 Avqust 2025

Almaniya millisi və "Bavariya"nın sabiq qolkiperi Oliver Kan Bundesliqadakı bərabərsizliyə və çempionluq uğrunda mübarizənin zəifləməsinə narazılığını bildirib.

Sportal.az xəbər verir ki, təcrübəli futbol adamı "Kicker" nəşrinə verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib:

"Baxmayaraq ki, Bundesliqa əvvəlki illərlə müqayisədə pis vəziyyətdə deyil, beynəlxalq səviyyədə biz titul qazanmaq baxımından iki aparıcı ölkədən geri qalırıq – həm tezlik, həm də sabitlik baxımından.

Amma ən çox narahatlıq doğuran məsələ çempionluq uğrunda mübarizədir. Biz elə bir liqadan danışırıq ki, burada son 13 ildə 12 dəfə eyni komanda – 'Bavariya' çempion olub. Uzunmüddətli baxışla bu, sağlam bir hal ola bilməz.

Mənim futbolçu olduğum dövrlərdə liqa daha açıq idi, çempionluq uğrunda rəqabət daha güclü idi və Almaniya çempionları daha çox dəyişirdi. Bu səbəbdən, Bundesliqa artıq uzun müddətdir ki, 34 tur keçirməsinə baxmayaraq, guya 'ən ədalətli' rəqabət forması olmaqdan uzaqdır.

30–40 milyon avro büdcəsi olan bir komanda, 300 milyon avro büdcəsi olan komanda ilə necə rəqabət aparsın? 'Bavariya'nın ehtiyat oyunçularından 5-i ehtimal ki, turnir cədvəlinin alt sıralarındakı bir klubun bütün heyətindən daha bahalıdır.

Bu uçurum, süni şəkildə genişləndirilmiş klublararası dünya çempionatı kimi əlavə turnirlər hesabına daha da böyüyür, çünki bu yarışlar top-klublara əlavə gəlir gətirir.

Beləliklə, sistem daha da möhkəmlənir, nəticədə isə çempionluq uğrunda mübarizə əvvəlcədən bəlli və buna görə də darıxdırıcı hala gəlir."

Xəbər xətti