“La Liqa” ABŞ-da keçirilməsi planlaşdırılan “Vilyarreal” – “Barselona” oyununun ləğv olunduğunu təsdiqləyib.
Sportal.az xəbər verir ki, yayımlanan bəyanatda bunlar qeyd edilib:
“La Liqa bildirir ki, Mayamidə rəsmi La Liqa oyununun təşkili üzrə promouterlə aparılan danışıqlardan sonra son həftələrdə İspaniyada yaranmış qeyri-müəyyənlik səbəbindən tədbirin ləğv edilməsi barədə qərar qəbul olunub.
La Liqa dərin təəssüf hissi ilə bildirir ki, bu layihə – İspaniya futbolunun beynəlxalq genişlənməsi üçün tarixi və misilsiz imkan – həyata keçirilməyəcək. Ölkəmizdən kənarda rəsmi oyun keçirilməsi yarışın qlobal inkişafında həlledici addım ola bilərdi: klubların beynəlxalq mövqeyini gücləndirər, futbolçuların tanınırlığını və İspaniya futbolunun ABŞ kimi strateji əhəmiyyətli bazarda görünürlüğünü artırardı. Layihə federasiyanın bütün qaydalarına tam uyğun idi və nəzarət və tələblərə cavabdeh orqanların da təsdiqlədiyi kimi, yarışın bütövlüyünə heç bir təsir göstərmirdi.
Sonda biz layihədə iştirak etməyə və əməkdaşlığa hazır olduqları üçün klublara təşəkkürümüzü bildiririk, eləcə də yarışın inkişafına daim sadiq qaldıqları üçün minnətdarlığımızı ifadə edirik. Liqamızı, hər zaman olduğu kimi, İspaniya futbolunu dünyanın hər yerinə çatdırmaq, açıq, müasir və rəqabətə davamlı baxışı təşviq etmək üçün fəaliyyətini davam etdirəcək. Bu, həm klubların, həm futbolçuların, həm də azarkeşlərin xeyrinədir".
saytlarin hazirlanmasi