"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov "Report"a müsahibə verib.
Sportal.az xəbər verir ki, mütəxəssis klubun hazırkı vəziyyəti, Misli Premyer Liqasındakı mövqeyi, XII turda qaşılaşacaqları "Kəpəz"lə oyun barədə danışıb. Həşimov Gəncə klubu ilə matçın onun Yevlax təmsilçisindəki taleyinə təsir etməyəcəyini deyib.
- Komandanın hazırlıq durumu necədir?
- Hər gün 1 dəfə olmaqla Yevlax şəhər stadionunda məşq keçirik. Futbolçular hər oyuna olduğu kimi, bu qarşılaşmaya da eyni səviyyədə hazırlaşırlar. Komandada əhval-ruhiyyə yüksəkdir.
- Heyətdə itkilər var?
- 3-4 oyunçumuzda yüngül zədələr var. Çox istəyirik ki, oyun gününə qədər hazır olsunlar.
- "Kəpəz"lə dueli "6 xallıq" oyun kimi dəyərləndirmək olar?
- İnanın ki, çempionatdakı 11 rəqibimizə qarşı eyni səviyyədə hazırlaşırıq. Bu matçın bizim üçün xüsusiliyi yoxdur. Hər qarşılaşmaya qələbə əzmi ilə çıxırıq. Lakin sizlə razılaşıram ki, bu, "6 xallıq" oyun hesab olunur.
- Sonuncu dəfə Yevlax klubu Premyer Liqada ev oyununu 15 il əvvəl keçirib. Uzun fasilədən sonra bu şəhərdə Premyer Liqa həyəcanının yaşanması necə hissdir?
- Azarkeşlər hər dəfə bizi görəndə soruşurdular ki, nə vaxt öz meydanımızda oynayacağıq. Şükürlər olsun ki, həmin vaxt gəlib çatdı. Bu, azarkeşləri, rəhbərliyi, futbolçuları, bir sözlə, bütün komandanı sevindirir. Çünki bizim üçün hər oyun səfər kimi idi. Hər dəfə Şamaxıya səfərə gedirdik. Sevinirik ki, artıq rəqiblərimizi evdə qəbul edəcəyik.
- "Karvan-Yevlax"ın rəqiblərini evdə qəbul etməsi komandanın nəticələrinə də müsbət təsir edəcək?
- Düşünürəm ki, bu, komandanın nəticələrinə yaxşı mənada təsir göstərəcək. Biri var hər dəfə səfərdə oynayasan, biri də var azarkeşlərinin qarşısında çıxış edəsən. "12-ci oyunçu" amili çox önəmlidir. Yevlaxda futbol həqiqətən sevilir və azarkeşləri seçilir. Onların dəstəyinə arxalanaraq xal ehtiyatımızı artıracağıq.
- Bəzi KİV-lərdə yazılıb ki, "Karvan-Yevlax" doğma meydanda "Kəpəz"ə qalib gəlməsə, bu, Azər Həşimovun baş məşqçi kimi sonuncu oyunu ola bilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Baş məşqçinin işi komandanı oyunlara hazırlamaqdır və mütəxəssis öz işi ilə məşğul olmalıdır. Arxada qalan 11 tur ərzində öz evimizdə oynamırdıq və bu bizim üçün çətinlik yaradırdı. İndi daha yaxşı olacağını düşünürəm və kənardan deyilənlərə də fikir vermirəm. Hər sözü ciddiyə alsam, gərək işləməyim. İnanın ki, mənə güvənən, kluba dəvət edən vitse-prezident Kənan Kərimovla bu barədə söhbətim olmayıb. Bildirmək istəyirəm ki, biz heç bir qarşılaşmaya uduzmaq üçün çıxmırıq. Komanda ilə maya qədər müqaviləm qüvvədədir. Nə olacaqsa, ən doğrusunu Allah bilir.
- Sözügedən oyunun nəticəsi klubdakı taleyinizə təsir edəcək?
- Məncə, yox.
- Son olaraq, komandanın I dövrədəki çıxışını necə dəyərləndirərdiniz?
- Təəssüf ki, mövsümün əvvəlində ev oyunlarımızı Yevlaxda keçirə bilmədik. Rəqiblərimizi Şamaxıda qəbul etsək də, özümüz də qonaq kimi idik. Arxada qalan qarşılaşmaları öz evimizdə keçirsəydik, inanın ki, xallarımızın sayı 5-dən çox olardı. Ən azı 12-13 xalla turnir cədvəlində daha üst pillələrdə qərarlaşa bilərdik. Çünki azarkeş önəmli faktordur. Lakin ümumilikdə futbolçularımızda əzmkarlıq müşahidə edirik. Hər oyunda can qoyurlar və bunu görürük. I dövrədə standart vəziyyətlərdən çox qollar buraxdıq. Düzdür, bu, futbolun içində olan bir şeydir. İnanırıq ki, növbəti matçlarda eyni səhvləri təkrarlamayacağıq.
saytlarin hazirlanmasi
