"Bu periodda ayrılıq qərarını verməliydik, hər iki tərəf üçün də daha yaxşı olacaq" - MÜSAHİBƏ

13:19 - 1 Dekabr 2025

"Səbail"in baş məşqçi postundan ayrılan Elvin Məmmədov Sportal.az saytına müsahibə verib.

- "Səbail" yola saldığımız turda “Cəbrayıl”a uduzdu və buna görə istefaya getdiniz. Yəqin ki, "Səbail"dəki işinizin bu qədər erkən başa çatacağını özünüz də ehtimal etmirdiz?

Elə zaman olur ki, orada nə qalib gəlmək, nə də uduzmaq qərarları həll etmir. Məşqçiliyə də başlayanda, hər zaman buna hazır olmalısan. Belə alındı və yollarımız ayrıldı.

- Ümumiyyətlə, necə düşünürsüz, "Səbail"də I Liqanı qazana biləcək gücdə heyət toplanıb? Yoxsa, tam istədiyiniz heyəti yığa bilmədiniz?

Bəli, heyət baxımından komanda yaxşıdır. Hər məşqçi istəyər ki, daha geniş heyəti olsun. Yenə də çempionluq üçün nə qədər çox futbolçu olarsa, rotasiya etmək daha yaxşıdır.

- Erkən qərar verdiyinizi düşünmürsüzki? Ən azından postunuzda qalıb, mübarizəyə davam edə bilməzdiz?

Bu periodda ayrılıq qərarını verməliydik. Bu, hər iki tərəf üçün də daha yaxşı olacaq.

- Görünən budur ki, "Səbail"in Premyer Liqaya çıxmaq yolunda əsas rəqibi "Şəfa"dır. Bu mübarizədən qalib ayrılmaq şansı nə qədərdir?

“Səbail” klub olaraq mənə şans tanıdı. Öncə klubun akademiyasında, sonra da əsas komandada bu şansı verdilər. Buna görə də, rəhbərliyə mənə güvəndikləri üçün təşəkkür edirəm. Allah qoysa, “Səbail” I Liqanın çempionu olar.

- Klublar azdır, məşqçilərimiz isə çox. Bundan sonra iş tapmaqla bağlı ümidlisiz? Ölkə xaricinə yollanmaqla bağlı planlarınız var, yoxsa öncə Azərbaycanda daha çox özünüzü sübut etməyi planlaşdırırsız?

Məqsədim hər zaman öyrənməkdi. Elə yaş dövründəyəm ki, yeni başlamışam, hər gün öyrənməliyəm. Məşqçilikdə də hər gün təcrübə toplayıram. Allah qoysa, yenidən işləyəcəm. Buna zaman lazımdır.

- “Səbail" ötən mövsüm Premyer Liqadan aşağı liqaya düşdü. Premyer Liqaya yüksəlmək baş tutmasa, necə olacaq?

Ümid edirəm ki, “Səbail” Premyer Liqaya yenidən yüksələcək. Bu klubun uğurları daha çox olacaq. Bu mənada, yaxşını fikirləşmək lazımdır.

- Artıq "Səbail" Adil Şükürova tapşırıldı. Necə düşünürsən, hazırkı heyəti Şükürov Premyer Liqaya yüksəldə biləcək? Onun uğurlu olacağını düşünürsən və heç bir-birinizlə danışdınız, hansısa məqamlar haqda soruşdumu səndən Şükürov?

- Adil müəllimə uğurlar arzu edirəm. O, yaxşı insandır, təcrübəsi də məndən çoxdur. Allah qoysa, "Səbail" onun rəhbərliyi altında Premyer Liqaya yüksələr. Ona və "Səbail"ə uğurlar arzu edirəm.

Mirbağırağa

Xəbər xətti