"Zirə"nin futbolçusu: "Qələbə qazanmaq da mümkün idi, amma bir xal da bizə bəs etdi"

20:22 - 7 Dekabr 2025

"Zirə"nin futbolçusu İsmayıl İbrahimli Sportal.az saytına açıqlama verib. Qəsəbə təmsilçisinin futbolçusu Misli Premyer Liqasının 14-cü turunda "Qarabağ"a qarşı keçirilmiş matçını şərh edib: "Maraqlı oyun oldu. “Qarabağ”la matçlarımız həmişə gərgin və maraqlı keçir. Rəqibin gücünü hamı bilir. Başa düşürdük ki, onlar çox qol imkanı yarada bilər. Bizə qarşı oyun onlar üçün də rahat keçmədi, çox epizodlara girə bilmədilər. Bizə lazım olan bir xalı qazandıq. Qələbə də mümkün idi, amma bir xal da bizə bəs etdi".

İbrahimli sabiq komandasına qarşı oyunda xüsusi motivasiyanın olub-olmamasından da danışıb: "Qarabağ"ın adı bəs edir ki, xüsusi motivasiyan olsun. Onlarla bu mövsüm çempionatda ildə üç dəfə qarşılaşırıq. "Neftçi”, “Sabah”la görüşlər bizi daha da istəkli edir. Yaxşı meydança, yaxşı şərait, yaxşı rəqib, tələb edirdi ki, biz də istəkli olaq".

"Zirə"nin aparıcı üzvü qış fasiləsinə qədər olan 2 matç barədə də pozitiv düşündüyünü deyib: "Şamaxı” və “İmişli” ilə oyunlarda bizə qələbə lazımdır. “İmişli”ni özünüz də görürsüz, rəqiblərinə başağrısı olub. Səfərdə də üç xallar qazanıb. “Şamaxı” da öz meydançasında yaxşı oynayır, süni meydança da bizə əngəl ola bilər. Çalışacağıq ki, bu iki oyundan 6 xal qazanaq və qış fasiləsinə daha avantajlı gedək".

Mirbağırağa

Xəbər xətti