Kamal Quliyev çətin vəziyyətdə - sağlamlığı üçün kömək istəyir

10:17 - 8 Dekabr 2025

Bir neçə gün öncə veteran futbolçusu Kamal Quliyevin xəstəxanadan çıxdığı haqda xəbər aldıq.

Sportal.az xəbər verir ki, "Futbolinfo.az"a müsahibə verən Quliyev hazırkı durumundan bəhs edib. Baş məşqçi təyin olunduğu “Qaradağ Lökbatan”dan da xəstəlik üzündən ayrılan sabiq yarımmüdafiəçinin acınacaqlı vəziyyətdə olduğu deyilirdi. Özü ilə danışıb dəqiqləşdirdik.

- Kamal müəllim, səhhətiniz hazırda necədir?

- Belə də… Hələlik həkimlərin nəzarəti altında evdə müalicə alıram. İstənilən vəsait, yəni maliyyə olmadığı üçün hələlik bu şəkildə davam edəcək.

- Xəstəliyiniz nədir?

- Problem qaraciyərlə bağlıdır. Qara ciyər sıradan çıxıb. Nə desən var. Analizlər yanımda deyil, qanımdakı göstəricilərin faizlərini dəqiq deyə bilmirəm, vallah başım çıxmır. Hər şey göstərilib. Ola bilər ki, qaraciyər dəyişilsin, əməliyyat da tələb oluna bilər.

- Müalicəniz üçün nə qədər pul tələb olunur?

- 40 min manat.

- Belə vaxtınızda futbolçu dostlarınızdan kimlərin dəstəyini gördünüz?

- Buradan Ramiz Məmmədova sonsuz minnətdarlığımı bildirirəm. Həmçinin Arif Əsədova, Rəşad Abdullayevə, Kənan Kərimova, Ruslan Emircanova, İlham Yadullayevə, Vadim Vasilyevə, Nəcməddin Musayevə, Mirhüseyn Vəfadara, Azər Məmmədova, Vitali Kovalyova və Zaur İsmayılova dərin təşəkkür edirəm. Xüsusilə Ramiz Məmmədova ayrıca minnətdarlıq düşür.

- Bəs AFFA-dan zəng edən, maraqlanan olub sizinlə?

- Özüm müraciət etməmişəm. Bilmirəm, bəlkə xəbərləri yoxdur. Keçən il özbəklərlə yoldaşlıq oyunu ərəfəsində müalicə alırdım. Bunu eşidən federasiya rəhbərliyi, çox sağ olsunlar, mənə zəng etmişdilər. O vaxt telefon məndə olmurdu, ailəmdə idi. Onlarla danışanda hərtərəfli dəstək göstərmək istədiklərini söylədilər. O zaman imkanım var idi, özüm həll edəcəyimi dedim və onlara sonsuz təşəkkürümü bildirdim. Qürur hissi keçirdim. Axı, mən 10 il milli komandanın formasını əbəs yerə daşımamışam. Dəfələrlə öz hesabıma millinin düşərgəsinə getmişəm. Belə münasibətdən necə qürur duymayım? Amma müraciət edəcəyəm.

- İllərinizi həsr etdiyiniz “Neftçi”dən necə, zəng gəlib?

- Bilənlər bilir, futbolçu karyeramın ən gözəl çağları “Neftçi” ilə bağlıdır. 6-7 il zarafat deyil. Bir vaxtlar komanda yiyəsiz qalmışdı, çoxları tərk etdi, amma mən sona qədər komandanın uğuru üçün əlimdən gələnin artığını etdim. Bunu Kazbek Tuayev də təsdiqləyər. Çünki həmin vaxt baş məşqçi o idi. 6 ay pulsuz-parasız oynadım, komandanın uğuru üçün canımı belə qoydum. Allah eləməmiş zədə alsaydım, bu, karyerama çox pis təsir edəcəkdi. Çünki komandada heç nə yox idi, ancaq bir naşatır, bir də “consonbebi” yağı var idi.

- Yəni, uman yerdən küsərlər…

- Elədir. Çünki mən bu komandanı ürəkdən sevirdim. “Neftçi” mənim üçün “Real”, “Barselona”, “Yuventus”, “Milan” kimi bir komanda idi. İllər keçdi, doğma klubuma “Neftçi”yə məşqçi kimi qayıtdım. Bu qayıdışı Sadıq Sadıqova borcluyam. Mən elə bir prezident tanımadım ki, komanda ilə onun kimi yaşayırdı. Günün hər anı, yatanda, duranda, yolda, hər yerdə komandanı düşünürdü. Qayıdışım çox uğurlu oldu. Üç il ardıcıl çempionluq yaşadım, bir ildə həm çempion oldum, həm də kubok qazandıq – yəni “dubl” etdik. Və sonra “ağ-qaralar”la ilk dəfə Avropa Liqasının qrupuna düşdük. Həm futbolçu kimi, həm məşqçi kimi ən böyük uğurlarım “Neftçi” ilə bağlıdır. Bu komandanın uğuru üçün vurulmuşam.

 - İndi də növbə klubdadır…

 - Bəli, indi mənə kömək lazımdır. Necə ki, vaxtilə mən bu komandadan üz döndərməmişdimsə, indi növbə komandanındır. Hazırda komandanı idarə edən insanlar futbolu bilən, dəyər verən, qayğı göstərən şəxslərdir. İnanıram ki, keçmiş unudulmur. Çünki keçmişini unudan gələcəyə ümidlə baxa bilməz.

- Bəs siz özünüz müraciət etməyi düşünürsünüz?

- Düzdür, müraciət etməmişdim, amma artıq elə bir həddəyəm ki, inşallah müraciət edəcəyəm və inanıram ki, rəhbərlik keçmişi heç vaxt unutmaz. Bir tərəfdən isə inanın Allaha çox utanıram.

- Niyə?

- Çünki mən belə olmamışam. Meydanda necə vuruşmuşam, necə mübarizə aparmışam. İndi belə bir vəziyyətə düşüb mübarizə apara bilmirəm.

Xəbər xətti