"Deməzdim ki, "Qarabağ"a qarşı oynayacağımız üçün hansısa futbolçuda həyəcan var idi" - MÜSAHİBƏ

13:18 - 4 Fevral 2026

"Turan Tovuz"un kapitanı Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" "Qarabağ"la matçda məğlub oldu. Bu görüşdəki məğlubiyyətinizə əsas səbəb nə oldu?

Oyuna yaxşı hazırlaşmışdıq. Maraqlı və gərgin oyun alındı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Deyərdim ki, son nöqtəni qoya bilmədik. Ona görə də sonda uduzduq. Halbuki yaxşı nəticə qazanmaq mümkün idi. Heyf ki, epizodları vura bilmədik. 

- "Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış komandadır. Onlara qarşı oynamaq həyəcanlı idi, yoxsa Kurban Berdiyev sizi çox inandırmışdı?

Deməzdim ki, "Qarabağ"a qarşı oynayacağımız üçün hansısa futbolçuda həyəcan var idi. Belə oyunlar bizim üçün daha da xüsusi motivasiyalı olur. Baş məşqçimizin də bizə olan güvənini hiss etmişdik. Elə bütün bunlarla birlikdə "Qarabağ"a qarşı sona qədər mübarizə apardıq. Yaxşı mübarizə apardığımızı düşünürəm.

- Son dəqiqədə cərimə meydançasına yaxşı asma etdin və Emmanuel Hakman qol vurmağa yaxın olsa da, Mateuş Koxalski əla seyv etdi. Həmin epizodu necə şərh edərdin?

"Qarabağ"la görüşdə qələbə də qazanmaq istəyərdik. Hər halda, o epizod qolla nəticələnsəydi, ən azından bir xal qazanacaqdıq. Amma təəssüf ki, alınmadı. Futboldur da, belə oyunlar olur. Çalışacağıq ki, növbəti görüşlərdə qol epizodlarından daha yaxşı yararlanaq.

- "Turan Tovuz" hazırda turnir cədvəlində üçüncü pillədə yer alıb. Bu pillədə qalmaq mümkün olacaq?

Çempionatın sonuna hələ çox var. İndidən nəsə demək çətindir. Gərgin oyunlarımız var, rəqiblər də iddialı komandalardır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, sona qədər biz də mübarizənin içərisində qalaq, turnir cədvəlindəki yerimizi də qoruyaq.

- Sabah ölkə kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə ilk oyuna çıxacaqsınız. Komanda üçün Avropaya getmək kubok, yoxsa MPL-dən daha uyğun və asan görünür?

Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq. Bizi "Kəpəz"ə qarşı çətin oyun gözləyir. Yaxşı hazırlaşırıq matça. Təbii ki, bizi yalnız qələbə məmnun edəcək. Ümidvaram ki, kubokda da istədiyimizi edəcəyik.

Mirbağırağa

Xəbər xətti