"Sumqayıt" Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm.
- "Zirə" ilə 3 gün sonra çempionatda qarşılaşacaqsız. Bu oyunda həmin matç üçün hansısa taktiki gedişləri sınaqdan keçirdiz?
- Xüsusi bir plan yoxdur. Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.
- Bu gün ehtiyatlı oynamağınız taktiki gediş idi, yoxsa oyununuz alınmadı?
Kubok matçıdır. Təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. "Zirə" kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansları olmadı.
- Oyunun sonlarında rəqibin real qol şansları oldu. Sizcə, bu, müdafiədəki problemlərlə bağlı idi?
- Sizinlə razı deyiləm. Futbolda olan şeylərdir. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı. Davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə bəzi dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.
- Komanda ötürmələrdə çox səhvlərə yol verir. Bunun səbəbi nədir?
- Demək istəyərdim ki, havanın təsiri olub. Düz qeyd edirsiz, səhvlər oldu. Həmişə demişəm ki, daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz.
Elçin Əlixan
saytlarin hazirlanmasi
