19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan təlim-məşq toplanışı barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə danışan məşqçi komandanın hazırlığından razı qaldığını deyib:
"Toplanış komandamız üçün çox faydalı oldu. Özümüzdən yaşca böyük olan Özbəkistanın U-20 yığmasına qarşı iki oyun keçirdik və bu matçlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı. Ümumilikdə komandanın toplanış zamanı həm oyuna münasibətindən, həm də göstərdiyi performansdan razıyam. Bu hazırlıq bir çox futbolçu üçün inkişaf baxımından dəyərli təcrübə oldu".
U-19-un baş məşqçisi Özbəkistan yığmasına qarşı keçirilən yoxlama oyunlarını (3:2, 0:4) da dəyərləndirib: “İlk oyunda komanda xarakter və intizam göstərdi. Rəqib hesabı bərabərləşdirsə və biz azlıqda qalsaq da, qızlar toparlanaraq qələbə qazanmağı bacardılar. Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir. İkinci görüşdə isə yorğunluq və məhdud rotasiya imkanları öz təsirini göstərdi, nəticədə məğlub olduq. Buna baxmayaraq, belə qarşılaşmalar hazırlıq prosesinin vacib hissəsidir və gələcəkdə üzərində işləməli olduğumuz məqamları göstərir".
saytlarin hazirlanmasi
