Aprelin 3-4-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Türkiyədə səfərdə olub.
Sportal.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının (COP10) sədri olaraq, aprelin 3-də İstanbul şəhərində “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində iştirak edib.
Həmin gün Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Erdoğanın dəvəti ilə Antalyaya yollanan nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumu çərçivəsində Nəcməddin Bilal Erdoğanla və İran İslam Respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirib.
Aprelin 4-də isə nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumunun açılış mərasimində çıxış edib.
Səfər çərçivəsində nazir Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən “Qarabağ” FK-nın U-12 və “Sabah” FK-nın U-14 komandaları ilə görüşüb. Həmçinin Antalya şəhərində keçirilən, TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə – Azərbaycan final oyununu türkiyəli həmkarı Osman Aşkın Bak ilə birlikdə izləyib, təltifetmə mərasimində iştirak edib. Azərbaycan Respublikası Milli Məclisinin komandası turnirin gümüş medalını qazanıb.
saytlarin hazirlanmasi
