"Qəbələ" "Antalyaspor"la qarşılaşdı

22:42 - 13 İyul 2013

"Qırmızı-qaralar"dan 4 qollu bərabərlik

 

"Qəbələ" bu gün Türkiyədə 4-cü - son yoxlama oyununu keçirməklə Sparta toplanışına yekun vurub.
 
Sportal.az xəbər verir ki, daha öncə "Metallurq" Zaparojye (1:1), "Trabzonspor" (0:2) və "Spartaspor"la (7:0) qarşılaşan "qırmızı-qaralar" son matçda "Antalyaspor"la münasibətlərini aydınlaşdırıb. 
 
Matçın startı tərəflərin kəşfiyyat xarakterli hücumları ilə yadda qaldı. Qarşılaşmanın ilk 20 dəqiqəsində komandalar təhlükəli epizod yaratmaqda çətinlik çəksələr də, 23-cü dəqiqədə hesab açıldı. Zeki Yıldırım "Antalyaspor"u önə çıxarıb. Qoldan sonra fəallaşan Yuri Syominin yetirmələri 32-ci dəqiqədə cavab qolunu vurmağa müvəffəq olublar. Lorenzo Ebesilio dəqiq və qüvvətli zərbə ilə qapıçıya şans vermədi - 1:1. 
 
 
İkinci hissəyə fərqli heyətlə çıxan Türkiyə təmsilçisi 51-ci dəqiqədə yenidən hesabı öz xeyrinə dəyişib. Tita fərqləndi - 1:2. Ruhdan düşməyən "Qəbələ" cəmi 9 dəqiqə sonra yenidən rəqib qapısına yol tapıb. Ebesilio gözəl zərbə ilə dublunu rəsmiləşdirib - 2:2. Bu matçda qeydə alınan son qol oldu və "Qəbələ" Türkiyədə keçirdiyi son yoxlama oyunundan sülhlə ayrılıb.
 
"Qəbələ" Türkiyə təmsilçisinə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
 
David Pietrzkeviç, Ürfan Abbasov (Sadiq Quliyev), Omar Kalabane, Vladimir Levin (Deyan Kelhar), Rail Məlikov, İbrahima Niasse, Lorenzo Ebesilio (Viktor Mendi), Nuran Qurbanov (Nizami Hacıyev), Dodo (Assis), Daniel Subotiç (Leonardo), Yannik Kamanan (Abdulvahid Afolabi).

Xəbər xətti