"Mən demirəm ki, yeni cəlb etdiyimiz uşaqlar pis və ya zəif futbolçulardı"
Azərbaycan Premyer Liqasının ilk 5 turundan sonra şəxsən məni ən çox təəccübləndirən klub “İnter” oldu. Daim medalçılar sırasına düşən “bankirlər”, cari mövsümdə rüsvayçı start götürüblər: 1 qələbə və 4 məğlubiyyət. Bu, klubun tarixində ən pis nəticədir. Bəs nəyə görə belə oldu? Kimin gözü dəydi? Kimin ahı tutdu? Yalnışlığı kim buraxıb? Milli komandanın DÇ-2014-ün seçmə oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədə, “İnter”in prezidenti Georgi Nikolovla görüşməyə zərurət yarandı.
- Ötən mövsüm başa çatdıqda, komandanız bürünc medala sahib çıxdı. Yəni narahatçılığa heç bir əsas yox idi. Lakin bu il “İnter” özünə bənzəmir. Nə baş verdi ki, komandanız ardıcıl məğlubiyyətlərini sıralayır?
- Hesab edirəm ki, hazırlğa vaxtında start verdik. Əvvəlcə Türkiyədə, ardınca isə Avstriyada keyfiyyətli təlim-məşq toplanışı keçdik. Zənnimcə, hazırlıq prosesinin prioritet hissələrindən olan seleksiya işlərində büdrəmələr baş verdi. Bəyəndiyimiz futbolçuları komandamıza cəlb edə bilmədik. Səbəblər müxtəlif idi: kimi Azərbaycanda oynamaq istəmirdi, kimisi maliyyə şərtlərimizlə razılaşmırdı, elələri də oldu ki, hələ dincəlmək istədiklərini dilə gətirdilər ki, bu da bizim planlarımızla üst-stə düşmürdü. Belədə, biz 2-ci eşalondakı namizədlərlə danışıqlara başlamaq məcburiyyətində qaldıq.
Mən demirəm ki, yeni cəlb etdiyimiz uşaqlar pis və ya zəif futbolçulardı. Sadəcə, demək istədiyim budur ki, məşqçi heyətinin bizdən tələb etdiyi bütün futbolçuları rənglərimizə qata bilmədik.
- Beləliklə mövsümə start verildi və “İnter” avrokuboklarla başladı...
- “Marienhamn”la ilk oyunda biz infarkt həddinə çatmışdıq. Əlbəttə, Bakıda qeydə alınan bərabərlik bizləri razı sala bilməzdi. Avrokubokların debütantı ilə oyunda evdə qələbə qazana bilməsək də, səfərdə rəqibdən güclü olduğumuzu sübuta yetirməyi bacardıq. Etiraf edim ki, 2-ci seçmə mərhələdən də üzüağ çıxmağı planlaşdırırdıq. Çünki rəqibi incələmişdik və “Tromse”dən güclü olduğumuz qənaətində idik. Zənnimcə, Norveç təmsilçisinə iki oyunun nəticəsinə görə məğlub olmağımız, komandanı sındırdı. Həmin psixoloji enişin nəticəsidir ki, hələ də özümüzə gələ bilməmişik.
- Qeyd etdiniz ki, istədiyiniz transferləri həyata keçirə bilmədiniz. Bundan sonra mümkün uğursuzluğu gözləyirdinizmi?
- Ümid edirdik ki, cəlb etdiyimiz futbolçularla qarşıya qoyulan məqsədlərimizə çata biləcəyik. Hərçənd şəxsən özümdə bir qədər şübhələr var idi. Mən yeni uşaqların peşəkar keyfiyyətlərinə şübhə etmirəm. Sədəcə, heç cür bu mühitə uyğunlaşa bilmirlər.
- Son olaraq paraqvaylı futbolçuları heyətinizə qatdınız. Hesab edirsiniz ki, qardaşlar komandanızı bu enişdən çıxarmaq iqtidarındadı?
- Ümid edirəm ki, onlar bizə kömək edə biləcəklər. Necə deyərlər, “çıxmayan cana ümid çoxdu”. Bu uşaqların karyerasına nəzər saldıqda, görürük ki, kifayət qədər təcrübəyə malikdirlər. Hər halda İtaliyanın “B” Seriyasında oynamış futbolçular həm fiziki, həm taktiki, həm də texniki baxımdan zəif ola bilməzlər. Düşünürəm ki, onların gəlişi komandamızın düşdüyü quyudan çıxmasında böyük rol oynayacaq.
- “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov klubun illik büdcəsini səsləndirib. Himayəsində olan komandaya illik 20 milyon ayıran Mənsimovu futbolçular hazırda sonuncu pilləylə “salamlayır”. Siz necə, turnir cədvəlindəki mövqeyinə görə cənublulardan çox fərqlənməyən klubunuzun bücəsini səsləndirə bilərsiniz?
- Klubun büdcəsini səsləndirə bilmərəm. Məsələ burasındadır ki, klubumuzun Təsisçilər Şurası var və büdcənin açıqlanması barədə yalnız onlar qərar qəbul edə bilərlər. Ancaq onu deyə bilərəm ki, 20 milyon kifayət qədər yüksək məbləğdi və biz belə büdcəni heç ən şirin yuxumuzda görə bilmərik.
- Hər halda Premyer Liqada hansı klubun hansı büdcəyə malik olmasından xəbəriniz var...
- (Sözümü yarımçıq kəsərək) Bizi ən kasıb kateqoriyaya aid etmək haqsızlıq olar. Acından ölmürük, rəhbərlik imkan daxilində, əlindən gələni edir. Məsələn, bu il üçün təsisçilərin qərarına əsasən maaş fondu təqribən 20% artırılıb.
- Maraqlıdı, maaşlar 20% artır, komanda isə artımaqədərki nəticələri 80% pisləşdirir...
- (Ürəkdən gülür) Bu, bir daha sübut edir ki, pul hər şeyi həll etmir.
- Yerli medianın “İnter”ə ögey münasibət bəslədiyini hiss etməmiş olmazsınız...
- Elə hiss edirəm, elə hiss edirəm! Son zamanlar “İnter” barədə saysız-hesabsız mənfi xarakterli yazılar dərc olunmaqdadır. Xüsusilə bu, baş məşqçimiz Kaxaber Tsxadadze haqda gedən yazılardı. Bilmirəm, bu insan kimə nə edib, nə qədər ziyan vurub, ancaq fakt faktlığında qalır.
- Tsxadadze barədə belə bir fikir formalaşıb: ən yaxşı əcnəbi mütəxəssis, ən pis insani xüsusiyyətlərə malik məşqçi.
- Onu pis tanıyırsınız. Özündən tez çıxır, emosionaldı, bu amilləri danmaq olmaz. Onu fikrindən döndərmək olmur: hesab edirsə ki, haqlıdı, mövqeyindən bir addım belə geri çəkilməz. Bu, əsl kişiyə məxsus xüsusiyyətlərdi. Açıq deyirəm, bəzən mənimlə də əməlli-başlı mübahisələri olur. Lakin belə xarakterli insanları sevirəm. Bəzən o, öz qalasını elə müdafiə edir ki, əndazədən çıxır. Ancaq insanlar var ki, diplomatdırlar, insanlar da var ki, döyüşçüdürlər. Tsxadadzeni 2-ci kateqoriyaya aid edərdim. Bax, indi biz pis vəziyyətdəyik və belədə, məhz döyüşkən xarakterə malik sərkərdə komandanı, döyüş dili ilə desək, mühasirədən çıxara bilər. Yaranmış vəziyyətdə diplomatıyadan bizə məlhəm olmaz.
- Azərbaycanda çalışan əksər məşqçilər komanda uğursuzluğa düçar olduqda, ilk növbədə hakimləri, sonra oyunçularını ayağa verirlər. Ancaq heç vaxt eşitməzsən desinlər ki, “günahkar mənəm”! Gürcü çalışdırıcı klubunuzun saytına verdiyi müsahibədə bütün məsuliyyəti üzərinə götürdüyünü bəyan edib. Siz onunla razısınız?
- Açığı, komandanın uğursuzluğunda mən də pay sahibiyəm. Çempionatın start ərəfəsində söhbət edərkən, ona dedim ki, bəlkə üslubu dəyişək, daha açıq xarakterli futbol oynayaq? Bizi həmişə qorxaq futbol sərgiləməkdə günahlandırırdılar. Mən də təklif etdim ki, bir qədər praqmatikadan yayınaq. Bu, rəqiblərə də sürpriz olardı. O da məni eşitdi və deyəsən səhv etdi. Komandamız oyuna sürətli başlayır, rəqiblərini çaş-baş salır, qol vurur və sonra arxayınlaşır. Bilirsiniz, bu cür oyun üslubu doğrudu ya səhvdi sualına isə cavab sadədir: komanda məğlub olursa, deməli düzgün oynamırsan.
- Bu suala “İnter”in prezidenti kimi cavab verməməyinizi xahiş edərdim. Sizcə, komanda 5 turdan sonra yaranmış vəziyyətdən sonra medallar uğrunda mübarizəyə qoşulmaq iqtidarındadı?
- Ümid sonda ölür. Hesab edirəm ki, “İnter” hələ də medallar uğrunda mübarizə apara bilər. Əlbəttə, çətindi. Yüngül atletika ilə parallel aparsaq, elə bilin ki, 100 metrlik qaçış zamanı, ilk 10 metrdən sonra favorit idmançılardan biri büdrəyib və qalan 90 metrdə önə keçən rəqiblərinə çatmaq olduqca ağır görünür.
- Son zamanlar Azərbaycan futbolunu epidemiya bürüyüb. Lənkəran və “Respublika” stadionlarının ot örtükləri biabırçı günə düşüb. Daha bir xəstəlik “Xəzər Lənkəran” – “Neftçi” oyunlarındakı baş qaldıran qalmaqallardı.
- Bilirəm, şəxsən siz təbii ot örtüyünün tərəfdarısınız. Təbii ot canlı orqanizmdi və ona xüsusi qulluq lazımdı. Misal kimi, Qəbələdəki, “8-ci km”-dəki stadionları nümunə göstərə bilərəm. Həmin stadionlarda peşəkarlar çalşır. O ki qaldı adını çəkdiyiniz stadionlara, ot örtüyünə həvəskarlar qulluq edirsə, nəticəsi də belə olacaq.
Sualınızın ikinci hissəsinə gəlincə, bu, yolverilməzdi! Hələ ötən il “Neftçi”ylə oyun zamanı bizim də problemlərimiz yaşanmışdı və həmin dövrdə dediyim fikirlərimdə qalıram. İnsanlar stadiona dincəlməyə, futboldan estetik zövq almağa gəlirlər. Belə qarşıdurmalar yaşanmaqdansa, boş tribunalar qarşısında oynamaq daha məqsədəuyğundu. AFFA ciddi tədbirlər görməlidi. Söhbət maddi cəzalardan getmir. Məsələn, “feys-kontrol” olmalıdır ki, tribunalrda çaxnaşma yaradan insanlar stadiona buraxılmasınlar. Klublara maliyyə sanksiyalarını isə anlaya bilmirəm. “Xəzər Lənkəran” və ya “Neftçi” fanatların davranışına görə niyə cərimələnməlidi?.. Açığı beynimdə yerləşdirə bilmirəm, necə olur ki, avrokubok matçlarında bu azarkeşlər birlikdə komandalarımızı dəstəkləyirlər, çempionatda isə bir-birlərinin ətini didirlər?!
- Müsahibəyə hazırlaşarkən belə bir informasiyaya rast gəldim ki, Cahangir Hacıyev “İnter”in uğursuzluqlarından təngə gəldiyinə görə, komandanın məliyyələşdirilməsini dayandıraraq, bütün diqqətini yalnız “Simurq”a yönəldəcək. Başa düşürəm ki, “Simurq”la münasibətləri yaxın buraxmayacaqsınız. Məni maraqlandıran sualımın birinci hissəsidir.
- Gəlin belə danışaq. İndiyə qədər hansısa normal və sağlam valideynin öz övladını öldürməsinin şahidi olmusunuz? Daha bir məqam, komandanı buraxmaq barədə düşünən insan gördüyünüz bu tikinti işlərini stadionda aparar? Əksinə, obrazlı desək, valideyn istəyər ki, övladı ən yaxşı təhsili alsın, ən gözəl mühitdə böysün.
- Sonda şəxsi sual vermək istəyirəm. Təqaüdə hazırlaşmırsınız?
- Quşu gözündən vurdunuz (gülür). Maddi cəhətdən həyatımı qurmuşam, günü bu gün işləmərəm. O ki qaldı vətəndaşı olduğum ölkənin qanunlarına, buna hələ 10 il var.
“Het-trik news”
saytlarin hazirlanmasi