"Mahir öz jestindən sonra toplanışı buraxmalı idi"
Sabah Filippin yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts oyunöncəsi təşkil edilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az Foqtsun mətbuat konfransında dediklərini təqdim edir:
“Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı. Məndən nə qədər xal toplamağı nəzərdə tutduğumuzu soruşdular. Əgər bu, normal sualdırsa, onda jurnalistikada nəyisə dəyişmək lazımdır”, deyə Foqts sözə başlayıb və ardınca öz köməkçiləri - Mahmud Qurbanov, Rauf Mehdiyev, Volfqanq Rolf və Uli Ştaynı təqdim edib.
- Futbolçuların hazırlığı necədir?
- Mənim həmkarlarımla danışmaq sizə maraqlı deyil? Fiziki hazırlıq normaldır. Müsbət məqamlar var. Psixoloji nöqteyi-nəzərdən də hər şey yaxşıdır. İstək görürəm. Biz “Qarabağ” - “Neftçi” və “Xəzər Lənkəran” - “Bakı” oyunlarına baxmışıq. Yaxşı oyunlar idi.
- Nə üçün yığmada “Qəbələ”dən iki qapıçı var?
- Mənə elə gəlir ki, bir klubda yığmanın iki qapıçısı oynamamalıdır. Kamran “Qəbələ”yə Anardan sonra gəlib. Mən ona müqavilədə şərt qoymağı təklif etdim ki, o, birinci nömrə olsun. Ancaq o, bunu etmədi. Anarda günah görmürəm. Hər ikisi yığmanın qapıçısıdır.
“Səlahət Ağayevin zədəsi var. Aqil Məmmədovun isə ailəsində itki var” - deyə Uli Ştayn əlavə edib.
“Anar ehtiyatda oturmasına rəğmən, yaxşı formadadır” - deyə Rauf
Mehdiyev bildirib.
- Oyunçuları öz strategiyanıza nə qədər öyrədə bilmisiniz?
- Hər bir oyunçu digərindən fərqlənir. Ancaq vacibdir ki, onlar bir-birini yaxşı anlasınlar. Mən həmişə futbolçulara demişəm ki, sürətlə oynamaq lazımdır. Mən Rəşad, Mahir və Elnurdan çox şey tələb edirəm.
- Kimlə işləmək asandır - yerlilər yoxsa milliləşdirilmişlərlə?
- Futbol komanda oyunudur. Hər futbolçunun öz anlayışı var. Hər şey sadədir. Biz hamımız futbolçuya nə etmək lazım olduğunu deyirik. Mənim üçün hansı dildə və ya tərcüməçi vasitəsilə danışmağın heç bir fərqi yoxdur. Bizim futbolun problemi ondadır ki, topsuz qaçmırlar. Mən bunu çempionatda həmişə görürəm. Premyer Liqanın son oyununda “Qarabağ”ın futbolçuları məhz belə oynayırdı. Yeri gəlmişkən, əksəri əcnəbilər idi.
- Nə üçün Mahir Şükürov toplanışda yoxdur?
- Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O, azarkeşlər üçün oynadığını anlamalıdır. Mən onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədir.
- Rəşad Sadıqov oynaya biləcəkmi? Əgər yox, bu halda, kapitan kim olacaq?
- Sabah səhər onun oynayıb-oynamayacağı aydın olacaq. Sadıqov bizə yüz faiz hazırlıqlı lazımdır. Rəşadın zədəsi ilə bağlı vəziyyətdən nə mən, nə də o, razı deyilik.
- Ruslan Abışovun “Rubin”də az oynaması sizi narahat etmir?
- Ruslan çox istedadlı oyunçudur. Çox təəssüf ki, Rusiyaya köçəndən sonra, o, əvvəlki deyil. Çünki o, az oynayır. Buna görə mənim ürəyim ağrıyır. O, özü də başa düşür ki, az oynayır. Mən onu çox sevirəm və onunla danışdım. Ruslan dedi ki, yaxınlarda qərar qəbul edəcək. Əgər Ruslanın xarici klubda oynamaq imkanı olsa, o, bundan yararlanmalıdır. Oynamaq lazımdır, skamyada oturmaq yox.
azerisport.com
saytlarin hazirlanmasi