Fariz Nəcəfov: "Son oyunlarda fiziki formasında çatışmazlıq səbəbi ilə iştirak etməyib"
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov klub rəhbərliyi tərəfindən qarşısına qoyulmuş tapşırıqları hələlik yerinə yetirə bilməyən komandanın baş məşqçisi Yuri Syominə münasibətdə dəstək nümayiş etdirib.
Sportal.az xəbər verir ki, Nəcəfov rus mətbuatına bunları söyləyib:
“Yuri Pavloviçə heç bir iradımız yoxdur. Düşünürəm ki, hər şey yaxşı olacaq və qələbələrin ardı gələcək. Bizim avrokuboklara düşmək şansımız hələlik qalır”.
Syomin “Qəbələ”nin sükanı arxasına 2013-cü ilin may ayında keçib. Rusiyalı mütəxəssisin növbəti mövsümdə komandaya rəhbərlik edəcəyinə dair suala Nəcəfov belə cavab verib: Bu haqda biz hələlik heç bir qərara gəlməmişik”.
Nəcəfov qışda icarə əsasında “Portu”dan “Qəbələ”yə keçmiş Marat İzmaylov haqda da danışıb:
“O, tədricən idman formasını yığır. Son oyunlarda fiziki formasında çatışmazlıq səbəbi ilə iştirak etməyib. Hər halda, mövsümün ilk yarısında Marat “Portu”da demək olar ki, oynamayıb”.
“Qəbələ”nin 2014-cü ildəki uğursuz nəticələrini Nəcəfov aparıcı futbolçuların bəzilərinin qışda idman formasının itirməsi ilə əlaqələndirib.
saytlarin hazirlanmasi