Elnur Allahverdiyev İntizam Komitəsinin qərarına etiraz edib: "Biabırçılıqdır"

12:50 - 18 Aprel 2014

"O dəqiqə soruşurlar ki, Elnur orda olmayıb?"
 
Xəbər verdiyimiz kimi, İK bu gün kubok oyunu ilə bağlı qərarlarını açıqlayıb. "Qəbələ" - "Xəzər Lənkəran" oyunundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 10000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilib. Bu isə o deməkdir ki, Elnur cari mövsümün yalnız son görüşündə meydana çıxa biləcək.
 
Sportal.az xəbər verir ki, məsələ ilə bağlı Elnur Allahverdiyev  Futbol11.az saytına danışıb:
 
"Vallah, ilk dəfə səndən eşidirəm. Bu qərar biabırçılıqdı. Bu məsələ kubok oyununda olubsa, necə bunu Premyer Liqaya aid edirlər? Nə etmək istəyirlər? Bir - iki futbolçu qalıb, onları da vurub sıradan çıxarmaqdı niyyətləri? Allah canlarını sağ eləsin. Allah böyükdü, o hər şeyi görür. Əgər beləydisə, ötən il mənə verilmiş cəzanı da yarı kubok yarı çempionat oyununa bölüşdürərdilər də. Bunların bir-biri ilə nə əlaqəsi axı?  Mən elədiyimdən peşmanam, klubumu çətin vəziyyətdə qoymaq istəməzdim. Ancaq, elə bir hal yaranıb ki, mənə dəxli olmayan, hardasa kimsə nəsə etsə, o dəqiqə soruşurlar ki, Elnur orda olmayıb? Nədi-nədi cəza verək. Bu qədər də olmaz da. Kubok oyunlarında oynamamağım üçün nə lazımdı edildi, indi də keçdilər Premyer Liqaya."

Xəbər xətti