Mendi: "Amma artıq bu qələbəni unudub çempionata köklənməliyik"
Azərbaycan Kubokunun yarımfinal mərhələsi "Qəbələ"nin hücumçusu Viktor Mendi üçün yaddaqalan oldu. Futbolçu "Xəzər Lənkəran"a qarşı baş tutan hər iki oyunda fərqlənməklə komandasının finala yüksəlməsində əvəzsiz rol oynadı.
Sportal.az xəbər verir ki, cavab oyununda - "Xəzər Lənkəran" - "Qəbələ" (1:1) matçında 24-cü qolunu vuran klub tarixinin ən məhsuldar futbolçusu qarşılaşmanın ardından təəssüratlarını gabalafc.az-la bölüşüb. O, finala vəsiqə qazandıqlarına görə sevincli olduqlarını, amma Premyer Liqa marafonunda komandanı çox məsuliyyətli dönəmin gözlədiyini deyib:
"İlk oyunda 3:0 qalib gəldikdən sonra bizi Lənkəranda böyük təzyiqin gözlədiyini bilirdik. Düzdür, doğma meydançamızda məhsuldar qələbə qazanmışdıq və final çıxmaq şansımız yüksək idi. Amma arxayınlaşmadıq. Gözlədiyimiz kimi oldu. İlk dəqiqələrdən lənkəranlılar irəli atıldı, biz isə yaxşı müdafiə olunduq. Qol vurmağımız rəqibi nisbətən sakitləşdirdi. Yekunda sevinən tərəf biz olduq. "Qəbələ" ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazandı. Bu tarixi hadisədə yer aldığımıza görə sevincliyik. Amma artıq bu qələbəni unudub çempionata köklənməliyik. Bizi qarşıda çox məsuliyyətli oyunlar gözləyir. Bundan sonrakı hər oyun bizim üçün final havasında olacaq. İnanıram ki, istədiyimiz nəticələri qazanaraq Premyer Liqanı liderlər qrupunda tamamlayacağıq".
saytlarin hazirlanmasi