Syominlə 50 qol, Dodo Kərimova çatdı

00:44 - 4 May 2014

Uğurlu seriya təkrarlandı
 
Azərbaycan Premyer Liqasının XXXIII turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən “Qəbələ” klubu mövsümdə ən uğurlu seriyasını təkrarlayıb.

Sportal.az xəbər verir ki, 5-7 və 14-1-cı turlarda 3 qələbəni sıralayan Yuri Syominin komandası mövsümdə 3-cü dəfə belə uğura imza atıb.

Bu qələbə ilə komanda “ağ-qaralar”la matçlardakı uğursuz seriyaya son qoyub. Ardıcıl 3 dəfə uduzan, son 5 görüşdə qalib gələ bilməyən “Qəbələ” 2012-ci il noyabrın 3-də qeydə alınan qələbədən 545 gün sonra qalib gəlib.

Qazanılan qələbə sayəsində “Qəbələ” sona 3 tur qalmış çempionatdakı ən yüksək nəticəsini təmin edib. Belə ki, “qırmızı-qaralar” ən pis halda, çempionatı 5-ci pillədə başa vuracaq. Bu isə 2011/12 mövsümünə təsadüf edən rekordun təkrarı olacaq. Daha yüksək yerlər uğrunda mübarizə aparan Syominin komandası 3 və ya 4-cü yeri tutmaqla isə tarixinin ən yaxşı nəticəsini göstərəcək.

Luis Hilario bakılılarla qarşılaşmalarda 4-cü qolunu vurub bu duellərdə “qırmızı-qaralar”ın ən məhsuldar oyunçusu olub. Lorenzo Ebesilio isə mövsümün 4 görüşündən 3-də bakılıları məyus edib. Ən maraqlısı isə bu 4 matçın hamısı eyni – 2:1 hesabı ilə başa çatıb. 3 dəfə paytaxt klubu, 1 dəfə qəbələlilər qalib gəlib.

Lorenzo Ebesilionun vurduğu qol “Qəbələ”nin Yuri Syominin rəhbərliyi altında vurduğu 50-ci qol olub. Bu topların 42-si Premyer Liqa, 8-i kuboka təsadüf edib.

“Qəbələ” bir çempionatda qazanılan qələbə (16), qazanılan xal (54) sayında mütləq rekorda imza atıb. Komanda 2011/12 mövsümündəki 15 qələbə və 52 xal rekordunu üstələyib.

Səfərdə qol sayını 21-ə çatdıran Syominin komandası 2011/12 mövsümündəki 19 qolluq rekordu yeniləyib.

“Qəbələ”də 18-ci qolunu vuran Luis Hilario Kənan Kərimova çatıb. İndi braziliyalı yalnız Viktor Mendi (24) və Rövşən Əhmədovdan (20) geri qalır. Premyer Liqada isə Luis Hilario 16 qolla 2-ciliyi bölür. O, özü ilə eyni sayda qol vuran Yannik Kamananla birlikdə yalnız Mendidən (20) geri qalır.

 

Xəbər xətti