"Qəbələ"dən tarixi qələbə

12:42 - 8 May 2014

Əyalət təmsilçisinin ən yüksək qələbəsi
 
Azərbaycan Premyer Liqasının 34-cü turu “Qəbələ” üçün tarixi əhəmiyyət kəsb edib.

Sportal.az xəbər verir ki, “Bakı” üzərində 3:1 hesablı qələbə qazanan Yuri Syominin futbolçuları Azərbaycan çempionatları tarixində özünün ən yüksək nəticəsini təmin edib. Mövsümün sonuna 2 tur qalmış 3-cü pillədə qərarlaşan, gümüş medal şansını da qoruyan “qırmızı-qaralar” ilk “dördlük”də yerini təmin edib. Bu isə klub tarixinin ən yaxşı nəticəsi olan 2011/12 mövsümündəki 5-ci yerdən yaxşıdır.

Azərbaycan kubokunun finalında “dördlük”də yer almağa digər namizədlə- “Neftçi” ilə görüşməsi “Qəbələ”nin indidən avrokuboklara da vəsiqə qazanması üçün zəmin yaradıb. 2005-ci ildə əsası qoyulan komanda 9 illik tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb. Bu, son iki tur və kubokun finalının nəticəsindən asılı olmayaraq rəsmiləşib.

31-ci turda “Rəvan”ı 2:1, 32-ci turda “Simurq”u 1:0, ötən tur “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən Yuri Syominin futbolçuları ardıcıl 4-cü qələbəsini qazanıb. Bu isə klubun Premyer Liqa tarixində ən uzun qələbə seriyasının təkrarıdır. Komanda ötən mövsümün 21-24-cü turlarında da ardıcıl 4 matçda 3 xal əldə etmişdi. Növbəti turda əldə olunacaq qələbə ilə “Qəbələ” mütləq rekord rəsmiləşdirəcək.
 
Bu görüş digər rekordlarla da əlamətdar olub. Bir mövsümdə vurulan qolların sayında (45) 2011/12 mövsümündəki rekord (43) yenilənib. Qələbə (17) və xal sayında (57) ötən tur müəyyənləşdirdiyi rekordu daha da yaxşılaşdırıb. Ev qələbələrinin sayında 2009/10 və 2011/12 mövsümlərinin rekordu təkrarlanıb – 9 qələbə. Ev oyunlarında vurulan qolların sayında 2011/12 mövsümüün rekordu təkrarlanıb.

Xəbər xətti