"Qəbələ"nin ispanı: "Çempionatda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq"

00:29 - 17 May 2014

"Nəzərə almaq lazımdır ki, heyətimiz iki cəbhədə mübarizə apardı"
 
"Bütün komandamızı təbrik edirəm. Futbolçularımız mövsüm ərzində verdiyimiz tapşırıqları yerinə yetirdilər. Nəzərə almaq lazımdır ki, heyətimiz iki cəbhədə mübarizə apardı. Həm əvəzedicilər çempionatında, həm də U-19 Liqasında uğurla çıxış etdilər. U-19 Liqasında çempion olmaq şansımız yüksəkdir".


Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon klubun rəsmi saytına açıqlamasında söyləyib.

Cari mövsümdə əvəzedicilərlə ilk titulunu - gümüş medalları qazanan ispaniyalı mütəxəssis xüsusilə son oyunlarda futbolçularından razı qaldığını vurğulayıb. O, növbəti mövsüm üçün hədəflərindən bəhs etməyi də unutmayıb:

"Çempionatda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düşünürəm ki, nəticəni və göstərdiyimiz oyunu qənaətbəxş hesab etmək olar. Xüsusilə son oyunlarda komanda yaxşı təsir bağışladı. Amma  görəcəyimiz işlər hələ çoxdu. Mövsümün startında ötən mövsümdən daha yaxşı kollektiv formalaşdırmağı və daha yaxşı nəticə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Bu hədəfimizə nail olduq. "Qəbələ" əvəzedicilər çempionatında çıxış edən ən gənc kollektiv idi. Növbəti mövsüm üçün hədəflərimiz Elvin Camalov, Sadiq Quliyev, Murad Musayev, Müşfiq Teymurov kimi perspektivli futbolçuların ustalıq səviyyəsinin artırılmasını təmin etmək və onların əsas komandanın heyətində möhkəmlənməsinə yardımçı olmaqdır".

Xəbər xətti