Syomin: "Qəbələ"də hər şey yüksəlişə doğru getməkdənsə, əksinə oldu" MÜSAHİBƏ

15:30 - 20 May 2014

"Rusiyada mənə ehtiyac olarsa, işləyəcəyəm"
 
"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin “Rossiyskaya gazeta” nəşrinə müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:

- Bu yaxınlarda “Spartak”ın baş məşqçisi vəzifəsinə namizəd olacağınızla bağlı xəbərlər yayıldı. Belə başa düşürük ki, siz Rusiyaya qayıtmağın mümkünlüyünü heç zaman istisna etməmisiniz...
- Ümid edirəm ki, təkliflər yenə gələcək. Ancaq hələlik belə bir şey yoxdur. Düşünürəm ki, bu haqda danışmağın vaxtı deyil. Xüsusilə də mənim “Qəbələ” ilə qüvvədə olan müqaviləm var. Rusiyada mənə ehtiyac olarsa, işləyəcəyəm. Əks halda, bunu faciəyə çevirməyəcəyəm.

- "Qəbələ"dəki debüt mövsümünüz artıq başa çatmaq üzrədir. Cari mövsümü necə dəyərləndirirsiniz?
- Yəqin ki, lap əvvəldən başlamaq lazımdır. Mövsümün əvvəlində komandada ciddi dəyişikliklər oldu. Ötənilki heyətdən çox az futbolçu qaldı. Sonradan komandaya bir sıra yeni futbolçu dəvət etdik. Uzun müddət Premyer Liqada lider olduq, futbolçuların yaxşı motivasiyası var idi. Qış fasiləsindən sonra heyət daha da gücləndirildi, hər şey yüksəlişə doğru getməkdənsə, əksinə oldu. Niyə? Buna cavab vermək çətindir. Lakin sonradan aydın oldu ku, futbolçuların eyni hazırlıq mərhələsi keçməməsi bunda mühüm rol oynadı. Gələn futbolçulardan bəziləri, o cümlədən Marat İzmaylov bu mərhələni keçməmişdi. Bir neçə oyunda gözlənilmədən məğlub olduq. Daha sonra zədə epidemiyası başladı və biz titul uğrunda mübarizədən kənarda qaldıq. Fikrimcə, komandamız hələ bu mübarizəyə hazır deyil. Axı biz elit oyunçuları dəvət etməmişdik. Faəliyyətini dayandırmış Kiyev “Arsenal”ından futbolçular gəlmişdi. Kimlərsə “Volın”dan transfer olunmuşdu. Rusiya liqasından oyunçu dəvət etmək, ümumiyyətlə, asan deyil.

- Marat İzmaylovun "Qəbələ"yə dəvəti də səhv addım idi?
- Qətiyyən yox! Əksinə, bu kömək oldu. Gənc oyunçular əsl peşəkarın nə demək olduğunu, bu oyunçunun texnikasının necə olduğunu gördülər. Ancaq ilk vaxtlarda Marat da fiziki cəhətdən hazır deyildi. Çünki o, “Portu”nun heyətində uzun müddət oynamamışdı. İndi isə Marat yaxşı səviyyədə oynayır. Matçın taleyini həll etdiyi çoxlu oyunlar olub.

- Bəs onun yığmaya qayıtmağa gücü yetər?
- Maratın dünya çempionatında oynaması artıq real deyil. Vaxt az qalıb. Baş məşqçi də onu görməli və İzmaylova çox inanmalıdır. Düşünürəm ki, Kapello Maratı yaxşı tanımır.

- Artıq dünya çempionatının başlamasına az qalıb. Braziliyada olmusunuz?
- Bu ölkəni çox ziyarət etmişəm və indi də ora getməyə hazırlaşıram. Artıq dostlarımızla otel sifariş vermişik, biletlər almışıq və qrup mərhələsində komandamızı dəstəkləməyə gedəcəyik.

- Dünya çempionatında Rusiya yığmasından nə gözləyirsiniz?
- Məncə, pley-off mərhələsinə yüksələ biləcəyimiz qrupdayıq. Cənubi Koreya millisi hər zaman güclü komandalardan olub. Əlcəzair yığması da güzəştə gedən komandalardan deyil.
 
(Tərcümə: qol.az)

Xəbər xətti