Turnir 4 gün davam edəcək
Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük layihələr həyata keçirən “Qəbələ” III Qəbələ Kubokunun startına hazırlaşır.
Sportal.az xəbər verir ki, klubun təşkilatçılığı ilə Qəbələdə 15 yaşlılar arasında bu il üçüncüsü baş tutacaq beynəlxalq turnir təşkil edilir.
Bir çox cəhətdən ilklərlə zəngin olan və ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən birinci beynəlxalq turnir kimi tarixə düşən Qəbələ Kuboku bu il də Avropanın tanınmış kollektivlərini Azərbaycana gətirir. “Liverpul” (İngiltərə), “Fənərbağça” (Türkiyə), “Anderlext” (Belçika), “Rapid” (Avstriya), “Lokomotiv” (Rusiya), “Udineze” (İtaliya) komandalarının iştirakı ilə keçiriləcək turnirdə Azərbaycan “Neftçi” və “Qəbələ” ilə təmsil olunacaq.
29 may - 1 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Fənərbağça”, “Udineze” və “Liverpul”, B qrupunda isə “Neftçi”, “Anderlext”, “Rapid” və “Lokomotiv” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.