"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu: "Onunla iki illik müqavilə imzalayacağıq"

00:17 - 4 İyun 2014

Danışıqlar müsbət nəticələnib
 
Yuri Syominin istefasından sonra “Qəbələ” axtardığı baş məşqçini rəsmən tapıb. Müəyyən müzakirələrdən və seçimlərdən sonra “Qəbələ” baş məşqçi postunu bolqarıstanlı mütəxəssis İvaylo Petevə həvalə etməyə qərar verib.


Sportal.az xəbər verir ki, bu barədə Futbol11.az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib. Əzizov bildirib ki, məşqçi ilə danışıqlar müsbət yekunlaşıb və onunla yaxın günlərdə iki illik müqavilə imzalanacaq. Petevdən istədiyi cavabı alan “Qəbələ” digər məşqçilərlə danışığı dondurub.

Qeyd edək ki, Bolqar mütəxəssis gənc olmasına baxmayaraq, çalışdığı klublarda uğur qazanmağı bacarıb. O, başçılıq etdiyi "Ludoqorets"i 2010/11 mövsümündə aşağı dəstədə çempion etməklə əsas liqaya yüksəldib. Daha sonra 2 dəfə Bolqarıstan çempionu olub (2011/12; 2012/13), 2012-ci ildə çempion olduğu "Ludoqorets"lə ölkə kubokunu başı üzərinə qaldırıb. Həmin ildə Petevin komandası Superkubokun finalında Plovdiv "Lokomotiv"ini məğlub edərək (3:1) daha bir qəniməti klub muzeyinə aparıb. 2013-cü ildə isə "Ludoqorets" Superkubokun finalında "Beroe"yə penalti seriyasında məğlub olub.

Mütəxəssisin son klubu Kipr AEL-i olub. Bir mövsüm çalışdığı Limassol təmsilçisinə isə gənc çalışdırıcı gümüş medal qazandırıb.

Xəbər xətti