"Qəbələ kuboku" haqqında gecikmiş yazı
“Cücəni payızda sayarlar” – bu atalar məsəlindən tez-tez istifadə edirik. Bizim futbolda cücələri payızda yox, may-iyul aylarında sayırlar. Cücə deyəndə pis başa düşməyin, gənc futbolçuları nəzərdə tuturam. Məhz bu vaxtlar aşağı yaş qrupları arasında final mərhələsinin oyunlarında, müxtəlif beynəlxalq turnirlərdə, akademiyalara seçimlərdə az-maz istedadı olanlar üzə çıxır, qalanları isə növbəti ili gözləməli olurlar.
Əvvəl həmin uşaqların respublika birinciliyindən başlayım. AFFA-nın təşkil etdiyi bu yaş qrupunda bu ilki mübarizə hər birində 10 komanda olmaqla 2 qrupda aparılıb. Bakı üzrə “Neftçi” PFK, regionlar üzrə isə “Qəbələ” FK qrup qalibi olublar. Ümumilikdə isə, hər qrupda ilk 3 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar. Final mərhələsinin bütün matçlarında qalib gələn “Qəbələ” çempion olub. İkinci yeri isə “Neftçi” tutub. Bunu nəyə görə yazdım? Söhbət ondan gedir ki, cəmi bir həftə öncə başa çatan və 3-cü dəfə keçirilən “Qəbələ Kuboku”nda Azərbaycanı bu iki komanda təmsil edirdi. Yəqin ki, nəticələrdən məlumatlısınız. Xəbəri olmayanlara isə xatırladım ki, hər il turnirin yeganə daimi iştirakçısı olan “Qəbələ” ilk dəfə olaraq qrupdan çıxmağı bacardı, amma yarımfinal və final oyunlarında məğlub olaraq turniri 4-cü pillədə başa vurdu. “Neftçi”yə gəlincə isə vəziyyət daha acınacaqlı oldu – 5 oyun, 5 məğlubiyyət, cəmi 1 qol və təbii ki, sonuncu yer. Respublika birinciliyinin 2-ci komandasının belə bir nəticə göstərməsi, futbolumuzun vəziyyətindən xəbər vermirmi?
Mövzudan bir qədər uzaqlaşaraq sözügedən turnir və Qəbələ haqqında da bəzi qeydlər etmək istəyirəm. “Qəbələ Kuboku” bayaq da dediyim kimi, artıq ənənə halını alıb və turnir 3-cü dəfə keçirildi. Turnirin qalibi adı uğrunda bizim komandalarla yanaşı “Liverpul”, “Udineze”, “Rapid”, “Lokomotiv” (Moskva), “Anderlext” və “Fənərbaxça” mübarizə aparırdılar. Sonuncu adıçəkilən iki komandanın qarşılaşdığı final matçında belçikalılar minimal hesabla qalib gələrək çempion oldular. Yüksək səviyyədə təşkil olunan “Qəbələ Kuboku” bizə nə verdi? Əvvəla bu kimi turnirlər Azərbaycanı tanıtmaq baxımından çox önəmlidir. Qəbələdə qurulan idman infrastrukturu, təşkilatçılıq, turist zonalarının yaradılması və s. gələcəkdə Avropanın aparıcı klublarının ölkəmizdə təlim-məşq toplanışı keçmək üçün münbit şəraitin olmasından xəbər verir.
Bu turnirlə yanaşı respublikada daha bir yarış da keçirilirdi. Özü də AFFA tərəfindən. Ali futbol qurumumuzun təşkilatçısı olduğu “Xəzər Kuboku” da ənənəvi xarakter alıb və 4-cü ildir ki təşkil olunur. Amma hansı formada? Müqayisələr aparacam. Əgər “Qəbələ Kuboku”nda iştirakçılar uşaq futbolunun inkişafı sahəsində Avropada ad-san sahibi olan klublar idisə, “Xəzər Kuboku”nun iştirakçılarının əksəriyyətini Asiya ölkələrinin 17 yaşlı yığma komandaları təşkil edirdi. Görəsən, Tacikistan, Qırğızıstan, Əfqanıstan kimi futbolun inkişaf etmədiyi ölkələrin komandalarının bu yarışda iştirakı bizə nə verdi? Ziyandan başqa heç nə. Ziyan deyəndə, onlara xərclənən pullardan söhbət gedir. Ümumiyyətlə, “Xəzər Kuboku”nu təşkil etmək kiməsə lazımdırmı? Əlbəttə lazımdır. AFFA-nın gələn il ictimaiyyətə açıqlanacaq illik hesabatında “cari xərclər” bölümünə diqqət yetirəndə bu turnirin kimə lazım olduğunu bilinəcək.
AFFA-nın “Xəzər Kuboku”nu “Qəbələ Kuboku” ilə yeni vaxta təşkil etməsi də neqativ hallardan biri idi. Üstəlik, buraya təbliğat işinin də aşağı səviyyədə olmasını əlavə etmək lazımdır. “Qəbələ” rəhbərliyi bu sahədə xeyli ciddi, peşəkar iş görmüşdüsə, bu sözləri AFFA-dakılara aid etmək olmaz. Oyunların televiziya vasitəsilə yayımlanması şərt deyil. Əsas məsələ turnir zamanı futbol azarkeşlərini tribunalara cəlb etməkdir. Belə baxanda, AFFA ağıllı iş görüb, yönlü təbliğat aparmayıb. Onsuz da neçə illərdir ki, Premyer Liqa oyunları boş tibunalar önündə keçirilir. O da qaldı, Tacikistanın 17 yaşlı futbolçularının oyununu izləməyə hansısa sıravi azarkeş iş-gücünü atıb stadiona gəlsin. Özü də günün günorta çağı, 30-35 dərəcə istidə.
Turnirlərdən söz düşmüşkən, bu yaxınlarda Bakıda daha bir yarış keçiriləcək. Bu yarışın adı “İBA U-14 Cup”dır. Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda ABB-nin himayədarı olan “İnter”lə yanaşı Avropanın daha 7 komandasının 14 yaşlı futbolçuları mübarizə aparacaqlar. “İBA Cup” da “Qəbələ Kuboku” kimi 3-cü dəfə təşkil olunacaq (İştirakçılar və turnirin gedişi barədə başqa xəbərdə oxuyun – red.). Düzü, Azərbaycanda istər futbol ictimaiyyəti, istərsə də jurnalistlər arasında “İnter”ə rəğbətlə yanaşanlar çox deyil. Bunun da əsas səbəblərindən biri klubun “Qəbələ” kimi əliaçıq yox, xəsis olmasıdır. Amma şəxsi fikrimdir – “İnter” peşəkar idərəçiliyi ilə digər klublarımızın əksəriyyətindən öndədir. Əgər təşkilatçılar yenə xəsisilik edib lazımi təbliğat işi aparmasalar, onda “heş zad”. Söhbət qəzet və saytlarda reklamlardan getmir. Ən azından şəhərin müxtəlif yerlərində turnirlə bağlı afişalar, televiziyalarda reklam çarxları yerləşdirə bilərlər. Yoxsa, “Xəzər Kuboku”nda olduğu kimi futbolçulara boş tribunalar önündə çıxış edəcəklər. Yox, heç olmasa, “Qəbələ”nin gördüyü işin yarısını həyata keçirsələr, bu başqa məsələ. Turnirə maraq da olacaq, stadionlara gəlməyə istək də.
İlqar TAĞIYEV “Het-trik news”
saytlarin hazirlanmasi