14 yaşlı istedadın atası millimizdən niyə imtina edir?

11:08 - 1 İyul 2014

Zaur Mahmudov: "Peşəkarlıq baxımından Almaniya millisini seçirik"

Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol turnirində mübarizə aparan Almaniyanın “Ayntraxt” klubunda azərbaycanlı futbolçu çıxış edirdi. Həmyerlimiz Murad Mahmudov turnir boyu inamlı oyunu ilə seçildi. Qrup mərhələsində “İnter”ə qarşı baş tutan oyunda het-rik edən Mahmudov, komandasının finala adlamasına gömək etdi. Həlledici qarşılaşmada da inamlı təsir bağışlayan Murad ikinci hissədə vurduğu qolla komandasını önə keçirdi. Amma 14 yaşlı futbolçu penaltilər seriyası zamanı şansını boşa verməklə komandasının məğlubiyyətinə səbəb oldu. Bununla belə, Mahmudov yarışın sonunda 2 mükafata birdən sahib çıxdı. O, həm turnirin bombardiri oldu, həm də ən yaxşı oyunçusu seçildi.
Turnirdəki inamlı oyunu sayəsində Murad Mahmudov Azərbaycan klubunun da maraq dairəsinə düşüb. Belə ki, “Qəbələ” 14 yaşlı hücumçunun xidmətində maraqlıdır. Klubun seleksiyaçı məşqçisi Əli Abışov Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol turnirin finalında baş tutan “Ayntraxt” – “Beşiktaş” oyununa canlı olaraq baxıb. Lakin Muras hələ ki vətənində çıxış etmək barədə düşünmür. Bu barədə bir qədər sonra.
14 yaşlı futbolçunun atası Zaur Mahmudov da Bakıya gəlmişdi. Turnir boyu “Ayntraxt”ın bütün matçlarına tribunadan izləyən Zaur bəy daim həyəcanlı olması ilə diqqət çəkirdi. Hətta “Beşiktaş”la oyunun fasiləsində ona yaxınlaşıb, müsahibə almaq istəsəm də, “inciməyin, amma indi çox həyəcanlıyam. Danışa bilmərəm, oyundan sonra söhbət edərik”, cavabını eşitdim.
Zaur bəyin sözünü yerə salmayıb, mükafatlandırma mərasimindən sonra Beynəlxalq Bankın Frankfurt nümayəndəliyinin rəhbəri Zaur Mahmudovla ayaqüstü qısaca söhbət etdim. Zaur bəy ilk öncə oğlunun futbola gəlişindən danışdı: “Murad 2000-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. 2004-cü ildə, Muradın 4 yaşı olanda ailəliklə Frankfurta köçdük. Almaniyaya üz tutmağım şəxsi işlərimə əlaqədardı. Özüm də elə Frankfurtda çalışıram. Ora köçdükdən sonra oğlum əvvəlcə bağçaya, sonra məktəbə getdi. 5 yaşından etibarən futbolla məşğul olur. İlk olaraq Frankfurtun “Makkabi” klubunda oynayıb. Bu, kiçik klubdur. Daha sonra “Ayntraxt”ın məşqçiləri Muradın oyununu görüb, bəyəndilər. Artıq 5 ildir bu komandada çıxış edir”.
Z.Mahmudov “İnter”in təşkilatçılığı ilə keçirilən turnir barədə də fikirlərini açıqlayıb: “Vətəni tərk etdikdən sonra Bakıya bir neçə dəfə gəlmişik. Demək olar ki hər yay. Almaniyada yaşasaq da, qohum-əqraba buradadır. Vətəndən ayrı qalmaq qeyir-mümkündür. “Ayntraxt”ın bu turnirə dəvət alması xoş idi. Oğlum doğma şəhərində, vətənində meydana çıxmaq şansı qazandı. Çox gözəl turnir təşkil olundu. Yaxşı komandalar var idi. “Ayntraxt” finala kimi irəliləsə də, həlledici oyunda uduzdu. Muradın penaltini qaçırması məni çox məyus etdi. Amma bu, futboldur”.
Zaur bəy “oğlunuz gələcəkdə Azərbaycan millisində oynayacaqmı” sualına belə cavab verib: “Azərbaycan millisindən oğluma təklif gəlib. Özü də turnir zamanı yox, daha əvvəl. Amma Murad hələ ki yekun qərarını verməyib. Oğlum üçün hazırda ilk növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq istəyir. Bu variant alınmasa, Azərbaycanın formasını geyəcək. Düzdür, Azərbaycan bizim vətənimizdir. Amma o, Almaniyada böyüyüb. Neçə illərdir orada yaşayır. Həm də bu idmandır. Peşəkarlıq baxımından Almaniyada oynamaq istəyirəm”.
Vətənpərvərlik, milli ruh, hətta Aleksandr Səmədov nümunəsi belə Mahmudovların fikrinə təsir göstərmir: “Bizi qınaya bilərlər. Amma mən oğlumun gələcəkdə daha peşəkar futbolçu olmasını istəyirəm. Bu qərarı oğlum verib. Mən də eyni fikirdəyəm. Almaniya millisinə düşmək çətindi. Lakin bu, Muradı fikrindən daşındıra bilməz. Yenə deyirəm, peşəkarlıq baxımından biz Almaniyaya üstünlük veririk. Alınmasa, o zaman Azərbaycan millisinin formasını geyər”.

Şahin ZÜLFÜQAROV
“Het-trik news”

Xəbər xətti