"Əgər səfərdə Azərbaycan yığmasını məğlub etmişiksə, deməli, biz üstünük"
Bolqarıstan millisinin yarımmüdafiəçisi Georgi İliyev 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması üzərində qazanılan 2:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir
- Seçmə mərhələyə qələbə ilə başladınız. Matç haqqında nə deyə bilərsiniz?
- Bizim üçün çox yaxşı oyun oldu. Düzdü, rəqib ikinci hissəyə daha yaxşı başladı. Amma komandamız yaxşı hücum qurub, qol vurmağa nail oldu. Seçmə mərhələyə çox yaxşı başladıq. 3 xal qazanmaqla, iddiamızı ortaya qoyduq.
- Komandanız matçın sonlarında vurduğunuz qolla qələbə qazandı. Buna inanırdınız, yoxsa heç-heçə ilə barışmışdınız?
- Əlbəttə, biz qələbəyə ümid edirdik. Son dəqiqələrdə də olsa, qol vurmaq üçün çalışırdıq. Baş məşqçimizin də dəyişiklikləri sırf qələbəyə hesablanmışdı. Elə bunun nəticəsi idi ki, Ventsislav Xristov əvəzetmədən meydana çıxıb qol vurdu.
- Azərbaycan millisini əvvəlcədən düşündüyünüz kimi gördünüz?
- Tam yox. Ümumiyyətlə, yaxşı futbolçulara malik komandadı. Amma yaxşı oyun göstərə bilmədi. Biz də tam istədiyimiz kimi oynaya bilmədik. Bunun əsas səbəbi də stadionun ot örtüyünün bərbad vəziyyətdə olması idi. Daha yaxşı ot örtüyünə malik meydanda futbol oynamaq olardı. O zaman daha baxımlı qarşılaşma alınardı.
- Bolqarıstan millisinin Azərbaycan yığmasından daha güclü olduğunu demək olar? Bu mənada sizi III pilləni tutmaq üçün daha iddialı komanda saya bilərik?
- Əlbəttə, biz daha güclüyük. Çünki qazandığımız nəticə də bunu göstərdi. Əgər səfərdə Azərbaycan yığmasını məğlub etmişiksə, deməli, biz üstünük. Komandanızın üçüncü pilləyə iddia etməsi isə yersizdi.
- Yığmanızın pley-off mərhələsində oynamaq şansı nə qədərdir? III pillə onsuz da heç bir vəsiqəni təmin etmir...
- Qrupdakı digər komandalara baxarkən, I və ya II yerə sahib olmaq çətindi. Ümumiyyətlə, bizim qrupda asan komanda yoxdur. Cəmi bir oyun geridə qalıb. Nə deyə bilərəm ki?
saytlarin hazirlanmasi