Yığmamızın azarkeşi: "Böyükağa Hacıyevin millinin baş məşqçisi olacağını gözləyirdim" SORĞU

14:35 - 2 Dekabr 2014

"İndiki futbolçularla uğur qazanmaq mümkün deyil"

 

Berti Foqstun gedişindən sonra yığmanın boş qalan baş məşqçi postuna böyük ehtimalla xorvat Robert Prosineçki təyin olunacaq. Artıq tərəflər arasında şifahi razılıq əldə olunub və Avro-2016-nın qrup mərhələsini Prosineçki ilə yola verəcəyik. Xorvat mütəxəssisin Premyer Liqanın son oyunlarında tez-tez görünməsi, verdiyi açıqlamalar, üstəlik, AFFA-nın baş katibi Elxan Məmmədovun jurnalistlərə son görüşündə “yığmanın baş məşqçisinin kimliyi 99 faiz məlumdur” deməsi buna əsas verir. Dekabrın 3-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin iclasda İK bir çox məsələlərlə bağlı, o cümlədən Prosineçkinin yığmaya baş məşqçi təyin olunması barədə qərar verəcək. Yığmamıza Prosineçki lazımdırmı? Xorvat məşqçinin yığmamıza xeyri dəyə bilərmi? Bu iki sualla azarkeşlər arasında sorğu keçirdik. Sorğuda müxtəlif ali məktəblərin 74 tələbəsi iştirak etdi. Onlardan 54-ü (73%) Prosineçkinin yığmaya baş məşqçi təyin olunmasına qarşı çıxdılar. Onun yığmaya və Azərbaycan futboluna heç bir xeyir verməyəcəyi fikrində olanların sayı isə daha çox oldu – 66 nəfər (89%). Rəyi soruşulanların 18-i (24%) xorvat baş məşqçinin təyinatına müsbət yanaşdıqlarını, 6 nəfər (8%) isə Prosineçkinin sayəsində yığmanın çətin durumdan çıxa biləcəyini söylədi. Cəmi 2 nəfər suallara konkret cavab verməyə tərəddüd etdi. Maraqlı olacağını nəzərə alaraq rəyi soruşulanlardan bir neçəsinin fikirlərini dərc edirik:

 

Azər Əmirov “Xəzər Universiteti”: 1. Prosineckinin indiki halda yığmaya lazım olub-olmadığını deyə bilmərəm. Əsas odur ki, Foqts getdi. Yerinə kim gəlsə, ondan pis olmayacaq.

 

2. Prosineçki gəncdir, uğura ac məşqçidir. Bu mənada ondan nəticə gözləmək olar. Yaxşı şərait yaradılsa, nəsə eləyə bilər. Əsas odur ki, əzmkar komanda yaratsın.

 

Elvin Əhmədov (Bakı Biznes Universiteti): 1. İstəyir lap Mourinyonu gətirsinlər, xeyri yoxdur. Bizim futbolçulardan bundan artığını gözləmək olmaz. Guya Prosineçki onlara topu necə vurmağı öyrədəcək?

 

2. Məncə, heç bir xeyri olmayacaq. Yenə arada yığma nəsə bir sürpriz edəcək, vəssalam.

 

Vüqar Mirzəzadə (Bakı Slavyan Universiteti): 1. Yerli məşqçinin olması daha yaxşı idi. Azərkeşlər yerli baş məşqçi istəyirdilər. Amma AFFA yenə əcnəbi gətirdi. Bizə də yalnız uğur arzulamaq qalır.

 

2. Düzünü desəm, Böyükağa Hacıyevin baş məşqçi olacağını gözləyirdim. Ondan uğur gözləməyə dəyərdi. Prosineçkiyə isə ümid etmək özünü aldatmaq olardı.

 

Taryel Qismətov (Xəzər Universitesi): 1. Azərbaycan yığma komandasına kim gəlsə də, xeyri olmayacaq.

 

2. Məşqçi futbolçunun yerinə oynayacaq? Əlbəttə, yox. İndiki futbolçularla uğur qazanmaq mümkün deyil. 17, 19, 21 yaşlıfutbolçulardan ibarət yeni komanda qursunlar və 2 il vaxt versinlər. O halda nəyəsə ümid etmək olar.

 

Cəmil Əliyev (Bakı Dövlət Universiteti): 1. Şablon səslənəcək, amma doğrudan da yığmaya Prosineçki kimi uğura ac və şərtlər xoşuna gəlmədiyi halda özü yığışıb gedən məşqçi lazım idi. Ən azından qoca və tükənmiş birindən daha faydalı olacağını düşünürəm. Yığmanın onun rəhbərliyi altında izləməmiş nəsə demək çox çətindi. Amma yuxarıda dediyim iki arqument ona güvənməmizə əsas verir. 

 

2. Məşqçidən çox şey asılıdı və Prosineçki burada uğur qazana bilər. Digər məqam Azərbaycan futbolunun sonrakı inkişafı ilə bağlıdı. Fikrimcə, yığmanın hazırki heyəti Avro-2016-ya gedəcək gücdə olmasa da, bunun üçün sona qədər mübarizə apara bilərdi. Uğursuz məşqçi seçimi buna əngəl yaratdı. Bir vacib məqam da var ki, 3-cü dərəcəli futbol ölkələrində nəticə önəmli olmamalıdı. Yeni baş məşqçidən nəticədən çox baxımlı, məntiqli oyun gözləmək daha doğru olardı. Prosineçkinin bu problemi həll edə biləcəyinə inanıram.

 

Hüseyn Hacıyev (Azərbaycan Universiteti): 1. O qədər də məhşur məşqçi deyil. Böyük naliyyətləri də yoxdur. Amma həm uğuru olub, həm də adlı məşqçilərin başımıza nə oyun açdıqlarını gördük. Ona görə bizə Prosineçki kimi biri lazımdır.

 

2. Xeyr! Hazırki durumda nəticə baxımından heç bir xeyri dəyməyəcək. Uğur 2020-ci ildə ola bilər. Bunun üçün Bakıdakı Avropa Çempionatına vəsiqə qazanmaq lazımdır. 2018-ci ilə kimi Prosineçkidən heç nə tələb etməmək gərəkdir. Təbii ki, əgər müqavilə həmin vaxta qədər bağlansa. Ona kimi yığmada selekisiya işləri aparılmalı, gənclərə üstünlük verilməli və onların daha çox təcrübə qazanmaları üçün şərait yaradılmalıdır. Bundan sonra yığmamız nəticə qazana bilər. Əgər Prosenieçki dediklərimi nəzərdə tutursa, o halda ziyandan danışmaq yersiz olardı.

 

Hazırladı: İlkin SULTANOV “Het-trik news” qəzeti

Xəbər xətti