26-cı turda da qələbə
“Qəbələ” Premyer Liqada ardıcıl 4-cü qələbəsini qazanıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri XXIII turda başlanan uğurlu seriyanı XXVI turun “İnter”lə oyununda da davam etdirib. Səfərdə paytaxt təmsilçisinə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 4 oyunluq seriyada 2 dəfə ev, 2 dəfə səfərdə 3 xal əldə edib.
Fevralın 19-da “Xəzər Lənkəran”ı 3:1, martın 8-də isə “Sumqayıt”ı 2:0 hesabı ilə yenən komanda ev matçlarında 2 top fərqinə sevinib. Çempionatın liderləri ilə səfər oyunlarında isə fərq minimal olub. Fevralın 28-da “Qarabağ”ı 1:0, martın 18-də isə “İnter”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlinin ilk iki pilləsindəki klubları onların meydanında xalsız qoyub.
Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ” üçün 4 oyunluq qələbə seriyası rekord göstəricidir. 9 ildə 2 dəfə belə nəticəyə imza atan “qırmızı-qaralar” 5-in astanasında dayanmışdı.
Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında da 4 qələbə sıralamışdı. 2012-ci il oktyabrın 31-də “Qarabağ”, 3 gün sonra “Neftçi” ilə oyunların hər ikisində 2:1, noyabrın 19-da “Kəpəz”i 2:0, 25-də “Rəvan”ı 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” ilk və son qələbəsini səfərdə qazanmışdı. Həmin uğurlu seriya dekabrın 2-də “Bakı” ilə ev oyununda qırılmışdı - 0:2.
Ötən mövsümün sonunda isə bürünc medalların qazanılmasında rolu olan 4 oyunluq qələbə seriyası aprelin 20-də “Rəvan”la səfər oyununda başlamışdı. Həmin oyunda 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 7 gün sonra evdə “Simurq”u 1 cavabsız qolla keçmişdi. Mayın 2-də səfərdə “Neftçi” (2:1), 7-də evdə “Bakı”dan (3:1) 3 xal alan komandamızın seriyası “İnter”lə oyunda qırılmışdı. Mayın 12-də Bakıda qolsuz heç-heçə qeydə alınmışdı.
Təxminən 1 il sonra yenidən 5-ci qələbə üçün Bakıya yollanacaq “Qəbələ” mütləq rekordunu müəyyənləşdirmək üçün XXVIII turun AZAL-la görüşündə də qalib gəlməlidir. Bu matç aprelin 5-də baş tutacaq.
saytlarin hazirlanmasi