"Qəbələ" "Feyenoord"la qarşılaşacaq

13:30 - 20 Mart 2015

Aprel ayında turnirlərə yollanacaq
 
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyaya səfərə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, martın 23-dən başlayaraq 30-dək davam edəcək səfərlə bağlı planlar genişdi. Belə ki, Xaqani Məmmədovun başcılıq etdiyi kollektiv “Zanbaqlar olkəsi”ndə həm hazırlıq kecəcək, həm də yerli komandalarla quvvəsini sınamaqla təcrübə toplayacaq.
 
Səfərin əsas məqsədi isə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış etməkdi. Yarış Hollandiynın şimalında yerləşən Teksten adasında keçirildiyindən turnirin adı buradan götürülüb. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda “Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar. Turnir Hollandiyada 14 yaşlılar arasında keçirilən çempionatda yaranmış fasiləyə təsadüf etdiyindən, məqsəd də futbolçularda oyun praktikasını artırmaqdı.
 
Lakin “Qəbələ” futbolçuları turnirdən əvvəl Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu keçirəcəklər. Xaqani Məmmədov və komandası “Feyenoord”un müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gələcək. 
 
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard da komanda ilə birgə səfər edəcək. Yeri gəlmişkən, Stenli Brard “Qəbələ”dən əvvəl məhz “Feyenoord” Futbol Akademiyasında çalışıb. 
 
Onu qeyd edək ki, “Qəbələ”nin U-14 komandası ötən ay “Bakcell Cup” kubokunun qalibi olub və hazırda müvafiq yaş qrupu üzrə ölkə birinciliyində liderdi.
 
“Qəbələ” Futbol Akademiyasının daha 3 komandasının aprel ayında xarici ölkələrə səfərləri gözlənilir. “Qəbələ” U-12 komandası Türkiyədə keçiriləcək “U-12 İzmir Kuboku”nda, 13 yaşlılar ənənəvi “VI Manavqat” turnirində, U-17 komandamız isə İtaliyada keçiriləcək Borqaro turnirində çıxış edəcək.

Xəbər xətti