"Qəbələ"nin futbolçusu: "Amma hesabın 4:0 olacağını gözləmirdik"

00:25 - 6 Aprel 2015

"Elə alındı ki, iki qol vura bildim"
 
“AZAL-la oyunun çətin olacağını düşünürdük. Bu rəqiblə əvvəlki matçlarımız çətin olmuşdu. İki dəfə onlar qalib gəlmişdilər. Bunun əvəzini çıxmaq istəyirdik. Amma hesabın 4:0 olacağını gözləmirdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 28-ci turunda AZAL-la matçdan (4:0) sonra klubun saytına deyib.
 
"Yaxşı oynayıb, layiqli və oyuna görə düzgün olan nəticə əldə etdik. Bunadək ardıcıl 4 qələbə qazanmışdıq. Bu seriyanı 5-ə çatdırdıq. Oyundan-oyuna daha yaxşı oynayırıq. İndi bu tempi saxlayıb, belə davam etməyə çalışacağıq” - deyə o bildirib.
 
Azərbaycan millisinin heyətində Maltaya da qol vuran yarımmüdafiəçi son vaxtlar fərqlənməyindən də danışıb. Premyer Liqada özünün 30-cu qolunu vuran, mövsümdə 8-ci dəfə fərqlənən C.Hüseynov karyerasının ən uğurlu çempionatındakı göstəricini daha da yaxşılaşdırmaq əzmindədir: 
 
“Mənim üçün qol vurmağımdan daha çox qələbəmiz vacibdir. Amma özüm də hər qarşılaşmaya qol vurmaq istəyilə çıxıram. Bu dəfə də fərqlənəcəyimi gözləsəm də, dubl edəcəyimi düşünmürdüm. Elə alındı ki, iki qol vura bildim. Son vaxtlar qol vurmağımın hər hansı sirri yoxdur. Görünür, qismət belədir".
 
C.Hüseynovun sözlərinə görə, hazırda  yaxşı formadadır:
 
"Daim əsas heyətdə yer alıram, inkişaf da gedir. Karyeramda bir mövsümə vurulan qol sayında ən yüksək göstəriciyə imza atdım. Buna çox sevinirəm. Daha çox qol vurmaq istəyirəm. Açığı, yayda “Qəbələ”yə keçəndə özlüyümdə götür-qoy edib, mövsümdə 6 qol vurmaq haqda düşünürdüm. Bu rəqəm mənim üçün yaxşı olardı. Amma artıq 8 qol vurmuşam. Hələ “Araz-Naxçıvan”la nəticəsi ləğv olunan görüşdə də fərqlənmişdim. Mövsümün sonunadək qol sayımı artıra da bilərəm. Düşünürəm ki, bu rəqəmi 10-a çatdırmağım mümkündür”.
 
Fasilədə əvəzlənməsinə aydınlıq gətirən orta sahə oyunçusu növbəti turun “Simurq”la görüşü haqda da fikirlərini bildirib:
 
“Süni örtüklü meydanda oynayırdıq. Bu örtük də yaxşı vəziyyətdə deyildi. Burada zədə almaq, köhnə zədələri yeniləmək təhlükəsi var idi. Mənim də ayağımda əvvəldən qalma zədəm var. Fasilədə baş məşqçi risk etməyib, əvəzlənməyimi istədi. 4-cü yer uğrunda gərgin mübarizə gedir. “Simurq” da çox yaxşı komandadır. Bu gün onlar uduzdu. Bundan yararlanıb, 4-cü pilləyə yüksəldik. Növbəti tur onlarla qarşılaşacağıq. Doğma azarkeşlər önündə qalib gəlib, mövqeyimizi möhkəmlətməyə çalışacağıq”.

Xəbər xətti