Əyalət təmsilçisindən iki məğlubiyyət, bir heç-heçə
“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının iştirak etdiyi İtaliyada keçirilən beynəlxalq turnir başa çatıb.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni – Walter - Richi” turnirində 3 oyunda qüvvəsini sınayıb. Sayca 36-cı dəfə keçirilən çox nüfuzlu turnirin qrup mərhələsində komandamız adlı-sanlı “Sampdoriya” və “Parma”, həmçinin təşkilatçı klubla üz-üzə gəlib. Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv genuyalılara 0:1, parmalılara 0:2 hesabı ilə uduzub. Komandamız turniri meydan sahibləri ilə qolsuz heç-heçə ilə başa vurub.
Yalnız qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda yarımfinala yüksəldiyindən “Qəbələ” qrup səddini adlamayıb. Turnirin qalibi adına isə finalda “Atalanta”nı 3:0 hesabı ilə məğlub edən “Sampdoriya” qazanıb. Mükafatlandırma mərasimində “Qəbələ”nin futbolçusu Hacıağa Hacıyev də fərqlənənlərdən biri olub. O, yarışda iştirak edən xarici klubların heyətində ən yaxşı futbolçu kimi fəxri kubokla mükafatlandırılıb. 12 komandanın çıxış etdiyi turnirdə “Qəbələ”dən başqa, İsveç təmsilçisi “Höteborq”da qüvvəsini sınayıb.
saytlarin hazirlanmasi